Polşa ərazisinə düşən obyektin Rusiyanın X-101 qanadlı raketi olduğunu deyir, Tusk bunu təsadüf saymır

Foto: U.S. Secretary of Defense, Public domain, Wikimedia Commons
20-11-2026 16:09

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış noyabrın 20-də bildirib ki, Rusiyanın X-101 qanadlı raketi ölkənin cənub-şərqindəki Novı Lipovets kəndi yaxınlığında kənd ərazisinə düşüb. Nazirin sözlərinə görə, daha bir ehtimal olunan raket qərbdə, Rudnik-nad-Sanem yaxınlığında, reaktiv mühərrikli dron isə cənubda, Molodıç ətrafında yerə düşüb. Hadisələrdə xəsarət alan və ziyan yoxdur.

Polşa rəsmilərinin dediyinə görə, obyektlər Rusiyanın 2022-ci ildən bəri Ukraynaya ən böyük hava hücumlarından biri zamanı ölkənin hava məkanına daxil olub. Raket yerli vaxtla saat 06:30 radələrində düşüb, zərbə anı bir fermanın kamerasına düşüb.

Baş nazir Donald Tusk jurnalistlərə deyib ki, hadisə qəza kimi görünmür. “Bu obyektlərin Polşa qoşunlarının dəstəklədiyi “istəklilər koalisiyası”nın Nova Dembada keçirdiyi hərbi manevrlərin yaxınlığına düşməsi təsadüf deyil”, - Tusk deyib. Kosinyak-Kamış isə baş verənləri Rusiyanın “təxribatı” adlandırıb və NATO-dan əlavə dəstək istəyəcəyini bildirib.

NATO-nun baş katibi Mark Rütte Polşanın hava məkanının “ciddi şəkildə pozulmasını” pisləyib və müttəfiq qırıcıların havaya qaldırıldığını deyib. Rütte hadisəni Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi adlandırıb. Rusiya isə hələlik bu barədə şərh verməyib.

Britaniya və Fransanın başçılıq etdiyi “Koalisiya 2026” təlimi Polşanın cənub-şərqində 11 ölkənin iştirakı ilə keçirilir. Təlimin məqsədi Ukraynada mümkün sülh razılaşmasından sonra çoxmillətli qüvvənin yerləşdirilməsini sınamaqdır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova əvvəllər Ukraynaya göndəriləcək istənilən xarici bölmənin Rusiya üçün “qanuni hədəf” olacağını demişdi.

Digər xəbərlər