Rusiyaya gecə kütləvi dron hücumu olub: Volqoqrad neft emalı zavodunda yanğın baş verib

Arxiv foto: Volqoqrad neft emalı zavodu, Mike1979 Russia, CC BY-SA 3.0, Wikimedia Commons
13-11-2026 09:24

Noyabrın 13-nə keçən gecə Rusiyanın bir neçə bölgəsi kütləvi dron hücumuna məruz qalıb. Volqoqradda neft emalı zavodunun ərazisində yanğın baş verib.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov hücumu təsdiqləyib. Onun sözlərinə görə, vurulan dronların qalıqları şəhərin cənubundakı sənaye müəssisəsinin ərazisinə düşüb və bir neçə yerdə yanğın yaranıb. Yerli mediada sonradan zavod ərazisində yeni partlayış səslərinin eşidildiyi deyilir. Volqoqrad neft emalı zavodu Rusiyanın “LUKOIL” şirkətinə məxsusdur.

Moskva meri Sergey Sobyanin “Max” messencerindəki kanalında yazıb ki, noyabrın 12-si saat 18:00-dan 13-ü saat 08:00-dək Moskva bölgəsinə doğru 467 dron uçub. Merin sözlərinə görə, onların çoxu uzaq məsafədə məhv edilib, 144-ü isə paytaxta yaxınlaşarkən vurulub. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi səhər Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlara qoyulan məhdudiyyətlərin götürüldüyünü bildirib.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa vilayət üzərində 133 dronun vurulduğunu, xəsarət alan və dağıntı olmadığını yazıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, bölgə üzərində 120 dron vurulub, Rostov-na-Donuda bir kişi yaralanıb, beş çoxmənzilli bina zədələnib.

Hücum Rusiyanın Ukraynaya gecə zərbələrinin davam etdiyi və Trampın elçiləri Stiv Uitkoff ilə Cared Kuşnerin Moskva ilə Kiyev arasında vasitəçilik etdiyi vaxta düşür. Kuşner yeni danışıq raundunun qrafikinin yaxın vaxtlarda açıqlanacağını deyib.

Digər xəbərlər