“Microsoft” xidmətlərində qlobal nasazlıq ikinci gündür davam edir
“Microsoft”un Redmonddakı qərargahı, Coolcaesar, CC BY-SA 4.0, Wikimedia Commons“Microsoft 365” xidmətlərində, o cümlədən “Outlook” poçtunda, “Teams” proqramında və süni intellekt köməkçisi “Copilot”da yaranan nasazlıq noyabrın 13-də də tam aradan qaldırılmayıb. Çox istifadəçi e-poçt göndərə və qəbul edə, bəzi fayl və təqvim məlumatlarını aça bilmir.
Şirkət nasazlığın kiberhücumla bağlı olmadığını, infrastrukturda “yüksək yüklənmə”dən qaynaqlandığını açıqlayıb: çoxlu serverin gözlənilmədən sıradan çıxması qalan serverlərin üzərinə əlavə yük salıb. Cümə səhəri “Microsoft” “ilkin sabitləşmə əlamətləri” gördüyünü, amma xidmət gücünün hələ normal səviyyəyə qayıtmadığını bildirib. Daha əvvəl şirkət düzəliş cəhdlərinin gözlənildiyi kimi nəticə vermədiyini demişdi.
“Microsoft”un saytına görə, “Microsoft 365” tətbiqlərindən 430 milyondan çox insan istifadə edir. Nasazlıqları izləyən “Downdetector” saytına cümə axşamı axşam 74 ölkədən 140 min nəfər “Outlook”la bağlı problem bildirib. Sayt istifadəçilərin öz şikayətlərinə əsaslandığı üçün real rəqəmin daha yüksək olduğu ehtimal edilir.
Nasazlıq başqa şirkətlərə və dövlət qurumlarına da təsir edib. “OpenAI” və “Anthropic” şirkətləri xidmətlərində problem yarandığını bildirib, Sinqapur hökuməti və Avstraliyanın kəşfiyyat agentliyi də işlərinin pozulduğunu açıqlayıb. Böyük Britaniyada ailə həkimləri, apteklər, polis və məktəblər çətinlik yaşayır, bəzi polis idarələri vətəndaşlardan müraciətlərini telefonla etməyi xahiş edib.
Avstraliyalı kibertəhlükəsizlik eksperti Troy Hant BBC-yə deyib ki, “Microsoft” internetin əsas dayaqlarından biridir və nasazlıq təkcə işə deyil, görüş təyin etmək, təsdiq tələb edən alış-veriş, hesab açmaq kimi gündəlik əməliyyatlara da təsir edir.


