Putinin Ukraynadakı müharibəsi: “BBC” və “Mediazona” ölən 287 831 Rusiya hərbçisinin adını müəyyən edib

İllüstrativ foto: Peterhofdakı Babiqon qəbiristanlığında hərbçilərin məzarları, Некто участник, CC BY 4.0, Wikimedia Commons
13-11-2026 09:09

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri həlak olan 287 831 Rusiya hərbçisinin adı müəyyən edilib. Siyahını “BBC”nin rus xidməti müstəqil “Mediazona” nəşri və könüllülər qrupu ilə birlikdə hazırlayıb.

“BBC” yazır ki, siyahı yalnız açıq məlumatlara əsaslanır: nekroloqlar, qohumların paylaşımları, qəbiristanlıqların məlumatları və açıq dövlət reyestrləri. Ona görə həlak olanların real sayı daha çoxdur. Adı bilinən ölənlərin 52 faizi könüllülər, səfərbər edilənlər və islah koloniyalarından döyüşə gedən məhkumlardır.

Təhlilə görə, 2025-ci ildə ölən əsgərlərin cəsədləri orta hesabla ölümdən 150 gün sonra tapılıb və bu müddətdə onların çoxu itkin düşmüş sayılıb. Dövlət ölümü sənədlərdə daha gec, orta hesabla 236 gün sonra, yəni təxminən səkkiz ay sonra qeydə alıb. Bu gecikmə son ayların itkilərini qiymətləndirməyi xüsusilə çətinləşdirir.

Noyabrın əvvəlində Belarusun “Kiberpartizanlar” və Ukraynanın “Silent Crow” haker qrupları Rusiyanın Dövlət Statistika Xidmətinin (Rosstat) daxili bazasına, o cümlədən ölüm qeydlərinə çıxış əldə etdiklərini açıqlamışdılar. Rosstat kiberhücumu təsdiqləyib, amma məlumat sızmasını inkar edir.

“Kiberpartizanlar”ın hesablamasına görə, Rosstatın bazasında ölüm səbəbi hərbi əməliyyatlar və ya onların nəticəsi kimi göstərilən 393 881 Rusiya vətəndaşı var. “Silent Crow” isə hərbçilərin döyüşdən kənar ölümlərini də sayaraq rəqəmi 450 100 nəfər kimi göstərir.

“BBC” qeyd edir ki, sızan bazada “hərbi” kodlarla sayma həm azaltmaya, həm də şişirtməyə səbəb ola bilər. Belə kodlu qeydlər arasında körpələrin və yaşlıların ölümü də tapılıb, Rosstatın “hərbi əməliyyatlar nəticəsində zədələr” kateqoriyası isə mülki şəxsləri də əhatə edir. Bu rəqəmlər Trampın elçilərinin Moskva ilə Kiyev arasında sülh danışıqlarında vasitəçilik etdiyi günlərdə yayılıb.

Digər xəbərlər