Hicab gərginliyindən sonra Ərdoğanla ilk görüşdə Əliyev: “Heç kimə imkan vermərik ki, bizim aramıza girsin”
Arxiv foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia CommonsTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşada Prezident İlham Əliyevlə görüşüb. Azərbaycanda “Zəfər Günü” kimi qeyd olunan tarixə təsadüf edən səfər iki ölkə arasında son iki ayda yaşanan gərginlikdən sonra liderlərin ilk üz-üzə görüşüdür.
Birgə mətbuat bəyanatında Əliyev iki ölkənin birliyini sarsıtmaq istəyənlərin məqsədlərinə çatmayacağını deyib. “Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq. Heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə birliyimizə, qardaşlığımıza və həmrəyliyimizə kölgə salsın”, - Əliyev deyib. Ərdoğan da iki ölkənin qardaşlığını zəiflətmək istəyənlərin məqsədlərinə nail ola bilməyəcəyini bildirib.
BBC-nin türk xidməti yazır ki, mübahisə sentyabrda Azərbaycanda şagird və müəllimlər üçün qəbul edilən yeni geyim qaydası ilə başlayıb. Qaydada məktəb formalarının “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun” olması tələb edilib, buna Azərbaycanda etiraz olunub, Türkiyədə isə xüsusən hökumətə yaxın dairələr tənqid səsləndirib.
Ərdoğanın baş müşaviri Oktay Saral oktyabrın 12-də qərarı “qəbuledilməz” adlandırıb. Oktyabrın 21-də Azərbaycan hökuməti hicab qadağasından sonrakı açıqlama və paylaşımlarına görə 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan edib, həmin gün iki prezident telefonla danışıb. Türkiyədə Azərbaycan barədə şərh verən bəzi yayımçılar haqqında araşdırma başladılıb, Saral isə oktyabrın 26-da istefa verib.
Əliyev oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitinə Ərdoğanın dəvətinə baxmayaraq qatılmayıb. Şuşadakı çıxışında Ərdoğan Azərbaycana təşkilata sədrlik dövründəki səylərinə görə təşəkkür edib.
“Middle East Eye” saytı noyabrın əvvəlində mənbələrinə istinadən yazmışdı ki, Bakı gərginliyi bitirmək üçün Ankaradan Saralın vəzifədən getməsini, Əliyevi təhqir edən şərhçilərin məhkəməyə verilməsini və siyahı ilə təqdim olunan sosial media hesablarının bağlanmasını istəyib. Türkiyə rəsmiləri isə saytın yazdığına görə, mübahisəni “anlaşılmazlıq” adlandırırlar.


