İran Xarici İşlər Nazirliyi: Ermənistan “Tramp marşrutu”nda ABŞ hərbçilərinin yerləşdirilməyəcəyinə təminat verib
İllüstrativ foto: Meğri yaxınlığında Araz çayı. Vahe Martirosyan, CC BY 2.0, Wikimedia Commonsİran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi noyabrın 9-da brifinqdə deyib ki, Ermənistan “Tramp marşrutu” (TRIPP) ilə bağlı Tehrana təminat verib: ölkədə ABŞ hərbi qüvvələri yerləşdirilməyəcək, layihəni Ermənistan şirkətləri həyata keçirəcək, marşrut sərhədləri də dəyişməyəcək.
Bəqayi İranın kommunikasiyaların açılmasını alqışladığını, amma bunun regionun geosiyasi vəziyyətini dəyişməməli olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-nin regiondakı varlığı və müdaxiləsi həmişə qeyri-sabitlik gətirir. “Biz prosesi çox diqqətlə izləyirik və zəruri hesab etdiyimiz hər bir halda mövqeyimizi açıqlayacağıq”, - deyə sözçü əlavə edib.
TRIPP Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan layihədir, razılaşma 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilib. Oktyabrın sonunda Ermənistan parlamenti ABŞ ilə çərçivə sazişini təsdiqləyib. Sazişə görə, marşrutu inkişaf etdirəcək və idarə edəcək “TRIPP Development Company” şirkətinin 74 faizi ABŞ-yə, 26 faizi Ermənistana məxsus olacaq. Müxalifət deputatları sənədin əleyhinə səs verib.
Bəqayinin sözləri Azərbaycan, Ermənistan və ABŞ-nin noyabrın 7-də nəqliyyat və elektrik xətləri üzrə üçtərəfli texniki qruplar yaratdığını açıqlamasından iki gün sonra səslənib. Bundan əvvəl İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti “İttilaat” qəzetində marşruta görə “ayaqlarını qıracağıq” deyə ABŞ-ni və Ermənistanı hədələmişdi.
Elə həmin gün Moskvada MDB ölkələri təhlükəsizlik şuralarının katiblərinin görüşündə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması sayəsində Cənubi Qafqazda vəziyyət yaxşılaşır. Onun sözlərinə görə, regional problemlər “xarici ölkələrin müdaxiləsi olmadan” həll edilməlidir.


