Bir gün xəbər alınmayan AXCP şöbə sədri 30 sutka inzibati həbs cəzası alıb
AXCP loqosu, Sezgin Rustamov, CC BY-SA 4.0, Wikimedia CommonsAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubov 30 sutka inzibati həbs cəzası alıb. AXCP-nin məlumatına görə, Yusubov noyabrın 13-də İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzindən ailəsinə zəng edərək həbs olunduğunu deyib.
Partiya bildirir ki, Yusubov sosial şəbəkədəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib. Bu maddə qanunla qadağan olunmuş məlumatın internetdə yerləşdirilməsinə görə 500 manatdan 1000 manatadək cərimə, qanunda göstərilən hallarda isə bir ayadək inzibati həbs nəzərdə tutur. Onun hansı paylaşımına görə cəzalandırıldığı açıqlanmayıb.
Noyabrın 12-də AXCP Yusubovun səhər evdən çıxdıqdan sonra yoxa çıxdığını, avtomobilinin evin yanında qapıları açıq, açarı üstündə tapıldığını açıqlamışdı. Partiya o vaxt onun saxlanılmış ola biləcəyini ehtimal edirdi. İxtisasca diş həkimi olan Yusubov şöbə sədri vəzifəsinə bu yaxınlarda seçilib və AXCP-nin sözlərinə görə, sosial şəbəkədə tənqidi yazılar paylaşırdı.
Oktyabrın 26-da AXCP-nin Suraxanı şöbəsinin üzvü Layiq Rəşidov da eyni maddə ilə 10 sutka həbs cəzası almışdı. Hazırda partiyanın təxminən 20 üzvü, o cümlədən sədr Əli Kərimli uzunmüddətli həbsdədir. AXCP onların siyasi sifarişlə həbs olunduğunu deyir, rəsmi qurumlar isə belə iddiaları adətən əsassız sayır və şəxslərin konkret hüquq pozuntularına görə cəzalandırıldığını bildirir.
Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya görə, Azərbaycanda 322 siyasi məhbus var.


