Həbsdəki jurnalist Şəmşad Ağanın ailəsi: Təcili əməliyyat lazımdır, Penitensiar Xidmət isə xərci bizdən istəyir
Arxiv foto: Ulviyya Guliyeva, Public domain, Wikimedia Commons“Meydan TV işi” üzrə həbsdə saxlanılan jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) səhhəti ağırlaşıb. Həkim müayinəsindən sonra onun öd kisəsindəki daşın cərrahi yolla çıxarılması zəruri sayılıb.
Jurnalistin qardaşı “Meydan TV”yə bildirib ki, daşın ölçüsü 9-10 millimetrdir və Şəmşad Ağa tez-tez kəskin ağrı tutmaları keçirir. Ailənin sözlərinə görə, Penitensiar Xidmətin müalicə müəssisəsində onlara əməliyyatın yalnız ailənin öz hesabına edilə biləcəyi deyilib. “Qardaşım Şəmşad Ağanın sağlamlıq vəziyyətindən ciddi narahatıq və əməliyyatın gecikdirilməməsini istəyirik”, - qardaşı deyib.
Əməliyyatın nə vaxt keçiriləcəyi bəlli deyil. Penitensiar Xidmət ailənin iddiası ilə bağlı hələlik açıqlama verməyib.
Jurnalistin səhhəti ilə bağlı narahatlıq yeni deyil. 2025-ci ilin sentyabrında yaxınları onun mədə xorası səbəbindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirildiyini bildirmişdilər. Bu il oktyabrın 13-də isə o, səhhətindəki problemlərə görə Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Noyabrın 2-də “Amnesty International” insan haqları təşkilatı həbsdəki “Meydan TV” jurnalistləri Şəmşad Ağa, Aynur Elgünəş və Aytac Tapdığın lazımi tibbi yardım almadığını bildirib və onların azad edilməsini tələb edib. Bu gün həmin işdə həbsdə olan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin də böyrək əməliyyatına ehtiyacı olduğu bildirilmişdi.
Şəmşad Ağa 2025-ci il fevralın 5-də “Meydan TV işi” üzrə saxlanılıb. Ona əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittihamlar ağırlaşdırılıb. Jurnalist ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə bağlayır.


