Rusiyanın hücumları fonunda Zelenski Azərbaycanla dron müqavilələrinin imzalandığını deyir

Arxiv foto: Əliyev və Zelenski Brüsseldə, Azərbaycan Prezidentinin mətbuat xidməti, CC BY 4.0, Wikimedia Commons
13-11-2026 18:29

Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 12-də Dublində Prezident İlham Əliyevlə görüşdən sonra iki ölkə arasında “Dron sazişi” (Drone Deal) çərçivəsində müqavilələrin imzalandığını açıqlayıb. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilib.

Zelenski X sosial şəbəkəsində yazıb ki, görüşdə əsas mövzu dron sazişi olub: “Müqavilələr imzalanıb, sifarişlərin həcmini artırmaq üzərində işləyirik”. O, Azərbaycan şirkətlərinin Rusiyanın hücumlarına baxmayaraq Ukraynada qalıb işləməyə davam etdiyini də vurğulayıb. Müqavilələrin dron alışını, birgə istehsalı, yoxsa texnologiya ötürülməsini əhatə etdiyi açıqlanmayıb.

Azərbaycan Prezidentinin rəsmi saytında görüş barədə yayılan məlumatda isə dron müqavilələri çəkilmir. Orada ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, özəl biznes arasında əməkdaşlıq və Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardım, xüsusən elektrik avadanlığı önə çıxarılıb. Zelenski həmin görüşdən sonra Azərbaycandan qış qabağı Ukraynanın kritik infrastrukturuna əlavə dəstək də istəmişdi.

Ukrayna “Dron sazişi” çərçivəsində Rusiya ilə müharibədə topladığı hərbi təcrübəni və texnologiyanı tərəfdaş ölkələrlə bölüşür, istehsalı genişləndirir və müdafiə sənayesi üçün yeni bazarlar axtarır. Belə sazişlər birgə istehsal, maliyyələşmə, texnologiya ötürülməsi və kibertəhlükəsizlik əməkdaşlığını əhatə edə bilər. Zelenski iyulda Ukraynanın doqquz ölkə ilə belə saziş bağladığını, təxminən 20 ölkə ilə danışıqlar apardığını demişdi.

Zelenski Rusiyanın genişmiqyaslı işğalından sonra Azərbaycana ilk səfərini aprelin 25-də edib, Qəbələdə Əliyevlə altı sənəd imzalayıb. O zaman o, təhlükəsizlik və müdafiə sənayesinin əsas prioritetlərdən olduğunu, Əliyev isə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq potensialı olduğunu demişdi. Avqustda Zelenski dron sazişini Kiyevə səfər edən xarici işlər naziri Ceyhun Bayramovla da müzakirə edib.

Digər xəbərlər