ABŞ-də rabitə nasazlığı səbəbindən bütün hava limanlarından uçuşlar 4 saatdan çox dayandırılıb

İllüstrativ foto: İndianapolis hava limanının uçuş idarəetmə qülləsi, Aiko, Thomas & Juliette+Isaac, CC BY 2.0, Wikimedia Commons
14-11-2026 07:32

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) cümə günü ölkənin bütün hava limanlarından uçuşları dayandırıb. Qadağa yerli vaxtla saat 15:54-də (Bakı vaxtı ilə 23:54) tətbiq olunub. FAA bunun səbəbi kimi ölkə üzərindəki uçuşları idarə edən hava hərəkəti mərkəzlərinə təsir edən rabitə nasazlığını göstərib.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib ki, hava məkanı yerli vaxtla 20:15-də (şənbə, Bakı vaxtı ilə 05:15) yenidən açılıb. Onun sözlərinə görə, nasazlığa məlumat yükü altında sıradan çıxan kommutatorlar və marşrutlaşdırıcılar səbəb olub, rabitə və radarlar tam itirilməyib. Daffi uçuşların dərhal normal rejimə qayıtmayacağını, pilot və bort heyətinin olmasından asılı olaraq tədricən bərpa ediləcəyini deyib.

Prezident Donald Tramp “Fox News” telekanalına müsahibəsində nasazlığın kiberhücuma oxşamadığını, süni intellektlə bağlı olmasının da çətin olduğunu deyib. Trampın fikrincə, problem hava limanlarındakı köhnəlmiş avadanlıqla bağlı ola bilər. Daxili təhlükəsizlik naziri Markueyn Mullin isə “hamı təhlükəsizdir” deyərək bunun “ikinci 11 sentyabr” olmadığını vurğulayıb.

“FlightRadar24” uçuş izləmə xidmətinin məlumatına görə, cümə günü 4 700-dən çox reys ləğv olunub, 10 mindən çox reys gecikib, şənbə üçün də 700 reys artıq ləğv edilib. Aviasiya analitikası şirkəti “Cirium” bildirir ki, qadağa vaxtı ən azı 827 təyyarənin istiqaməti dəyişdirilib, onlardan 670-i qalxdığı hava limanına qayıdıb. Havada olan təyyarələrə enməyə icazə verilib, beynəlxalq reyslər isə ayrı-ayrılıqda qərarla buraxılıb.

Qadağa Avropa və Avstraliyadan ABŞ-yə gedən reyslərə də təsir edib, onların bir hissəsi gecikib. Bütün ölkə üzrə uçuşların dayandırılması ABŞ-də nadir haldır: belə qərar 2001-ci il 11 sentyabr hücumlarından sonra, sonuncu dəfə isə 2023-cü ilin yanvarında pilotlara xəbərdarlıq sistemindəki (NOTAM) nasazlıq səbəbindən verilmişdi.

Digər xəbərlər