Ağ Ev: Tramp noyabrın 19-da Çində Putin və Si Cinpinlə üçtərəfli görüş keçirəcək

Arxiv foto: Tramp və Putin, Alyaska, 2025, Benjamin D Applebaum, Public domain, Wikimedia Commons
14-11-2026 03:57

ABŞ prezidenti Donald Tramp Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti zamanı Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli görüş keçirəcək. Bunu Ağ Evin adı açıqlanmayan rəsmisi amerikan jurnalistlərinə deyib. Görüşün noyabrın 19-na planlaşdırıldığı bildirilir. Üç ölkənin liderləri bu formatda ilk dəfə bir masa arxasında oturacaq.

Rəsminin sözlərinə görə, Tramp görüşdə nüvə arsenallarının azaldılması məsələsini qaldırmaq istəyir. “Hansısa razılaşmanın bağlanacağını gözləmirik”, - o deyib. Ağ Ev Trampla Putin arasında ayrıca ikitərəfli görüşün hələlik planlaşdırılmadığını da bildirib. Trampın Şimali Koreya rəhbərliyi ilə də təması nəzərdə tutulmur.

Rəsmi əlavə edib ki, səfərdə Trampı iş adamı İlon Mask da müşayiət edəcək, amma Mask üçtərəfli görüşdə iştirak etməyəcək.

“The Wall Street Journal” qəzeti noyabrın əvvəlində mənbələrə istinadən yazmışdı ki, üçtərəfli görüş ideyasını Putin oktyabrın 9-da Trampla telefon danışığında irəli sürüb və bu görüşdə Rusiyanın Ukraynada başlatdığı müharibəni Moskva üçün sərfəli şərtlərlə bitirməyə ümid edir. Qəzetin yazdığına görə, Pekin və Vaşinqton uzun müddət görüşün formatını razılaşdıra bilmirdi: Çin liderlərin əvvəlcədən hazırlanmış mətnləri oxumasını, ABŞ isə sərbəst müzakirə istəyirdi. Pekin nüvə silahlarına nəzarət barədə danışıqlara da həvəs göstərmirdi.

ABŞ Dövlət katibi Marko Rubio noyabrın 10-da görüşün təşkili üzərində işlənildiyini demişdi. Kreml və Pekin Ağ Evin son açıqlamasına hələlik münasibət bildirməyib. Görüş Rusiya ilə Ukrayna arasında ABŞ vasitəçiliyi ilə danışıqların davam etdiyi dövrə düşür.

Digər xəbərlər