Son dəqiqə:

Putin borclu rusiyalıların Azərbaycan və digər MDB ölkələrindəki işi, hesabları və gəlirləri barədə məlumat alınmasına imkan verən qanunu imzalayıb

Arxiv foto: The Presidential Press and Information Office, CC BY 4.0, Wikimedia Commons
03-11-2026 14:49

Rusiya prezidenti Vladimir Putin 2025-ci il mayın 13-də imzalanmış sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Saziş məhkəmə qərarlarının məcburi icrası zamanı ölkələrin icraçı qurumları arasında məlumat mübadiləsini tənzimləyir. Rusiya Dövlət Duması qanunu oktyabrın 14-də qəbul etmiş, Federasiya Şurası isə oktyabrın 28-də bəyənmişdi.

Saziş Rusiya, Azərbaycan, Ermənistan, Qırğızıstan, Tacikistan, Belarus, Özbəkistan və Qazaxıstan tərəfindən imzalanıb. Azərbaycan, Belarus və Özbəkistan onu artıq ratifikasiya etdiklərini Rusiyaya bildiriblər.

Sorğu alan ölkə borclunun bankda pulunun, daşınmaz əmlakının, nəqliyyat vasitəsinin və şirkət paylarının olub-olmadığını, harada yaşayıb-işlədiyini və rəsmi gəlirini yoxlayır. Cavab 30 iş günü ərzində verilməlidir, gəlir məlumatı ən çoxu üç ili əhatə edə bilər. Sorğunu yalnız borclu üzrə icra işini aparan qurum göndərə bilər.

Rusiya Federasiya Şurasının mətbuat xidməti bildirir ki, bundan sonra borcluların başqa ölkəyə köçməklə aktivlərini gizlətməsi çətinləşəcək. Bəzi ölkələr isə qeyd-şərt qoyub: Belarus yalnız bankda pulun olub-olmadığını, məbləğ və hesab nömrəsi olmadan bildirəcək, Özbəkistan məhkəmə olmayan orqanların və notariusların qərarları üzrə sorğulara cavab verməyəcək, Qazaxıstan bank məlumatlarının ötürülməsini öz qanunları ilə məhdudlaşdırıb.

Digər xəbərlər