Son dəqiqə:

Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını deyir, Səudiyyə hələlik açıqlama verməyib

Arxiv foto, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının havadan görünüşü: Air Mobility Command, Public domain, Wikimedia Commons
04-11-2026 18:42

Yəməndəki "Ənsar Allah" hərəkatının (husilər) hərbi sözçüsü Yəhya Səriyyə noyabrın 4-də bildirib ki, onların qüvvələri Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raket atıb. Səriyyə raketin hədəfə dəydiyini və hava limanına ciddi ziyan vurduğunu iddia edir. Səudiyyə Ərəbistanı hakimiyyəti hələlik açıqlama verməyib.

Səriyyə aviaşirkətləri və səyahət edənləri Məkkə və Mədinə istisna olmaqla Səudiyyə hava məkanından uzaq durmağa çağırıb. Onun sözlərinə görə, husilər ölkənin cənubundakı Nəcran bölgəsində hərbi düşərgəyə, radara və sərhəd keçid məntəqəsinə də zərbə endirib.

"Əl-Cəzirə" telekanalı yazır ki, Səudiyyənin mülki müdafiə orqanları gecə Ər-Riyad bölgəsində, noyabrın 4-ü səhər isə Nəcranda iki dəfə erkən xəbərdarlıq sirenlərini işə salıb. Ər-Riyaddakı ABŞ səfirliyi hücumların sürətlə arta biləcəyi barədə xəbərdarlıq edib, ABŞ dövlət qulluqçularının Səudiyyə hava limanlarından istifadəsi üçün xüsusi icazə tələb olunur.

Yəmənin beynəlxalq aləmdə tanınan hökumətinin ordusu isə Əl-Cauf əyalətində husilərə qarşı hücumun davam etdiyini bildirir. Səudiyyə bu hökuməti dəstəkləyir. Husilər Səudiyyə zərbələrinin mülki insanların ölümünə səbəb olduğunu deyir. Hərbi mənbə "Əl-Cəzirə"yə bildirib ki, husilərin ballistik raketi Əd-Dali əyalətində təlim düşərgəsinə dəyib, səkkiz nəfər ölüb, 15-dən çox adam yaralanıb. Rəsmi rəqəm açıqlanmayıb.

Digər xəbərlər