Lavrov: Rusiya Avropa ilə müharibə planlaşdırmır, amma müharibə olarsa, "çox qısa olacaq"
Arxiv foto: Sergey Lavrov. ДИП МИД РФ (фотограф Эдуард Песов), CC BY 4.0, Wikimedia CommonsRusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən IV Avrasiya Təhlükəsizliyi Konfransında Moskvanın Avropa ilə müharibə planlaşdırmadığını, belə müharibənin başlayacağı təqdirdə isə qısa sürəcəyini deyib.
"Prezident Putin son vaxtlar dəfələrlə deyib ki, biz Avropa ilə heç bir müharibə istəmirik və planlaşdırmırıq", - Lavrov bildirib. Sonra əlavə edib: "Əgər müharibə olacaqsa, bu, başqa cür və çox qısa olacaq".
Bu sözlər Rusiya ilə müharibə bitəndən sonra Ukraynaya göndərilməsi planlaşdırılan Avropa qüvvəsinin noyabrın 9-22-də Polşada ilk təliminə qısa müddət qalmış səslənib. Rusiya bundan əvvəl Ukraynaya göndəriləcək Qərb hərbçilərini "qanuni hədəf" sayacağını bildirmişdi. Rusiya və Ukrayna heyətləri isə noyabrın 10-11-də Əbu-Dabidə ABŞ vasitəçiliyi ilə danışıqlar aparacaq.
TASS agentliyinin yaydığı digər sözlərində Lavrov amerikalı jurnalist Taker Karlsonun ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi barədə iddiasını da şərh edib: "Biz Taker Karlsonun dediklərini qeydə almışıq, lakin bu məlumatlar digər mənbələr tərəfindən təsdiqlənmir". Karlson noyabrın 2-də sosial şəbəkədə Tramp administrasiyasının Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə belə zərbə endirə biləcəyini iddia etmişdi.


