Meydan TV: İran prezidentinə müraciət edən 55 QHT-dən 50-si son iki ildə dövlətdən 1,5 milyon manat qrant alıb
Foto: Ayoub Ghaderi, CC BY 4.0, Wikimedia CommonsOktyabrın 26-da İran prezidenti Məsud Pezeşkiana açıq məktub yazaraq İranda yaşayan azərbaycanlıların ana dilində təhsil alması üçün addım atılmasını istəyən 55 yerli qeyri-hökumət təşkilatının böyük əksəriyyətinin son iki ildə dövlət qrantı aldığı ortaya çıxıb.
Meydan TV-nin araşdırmasına görə, məktubu imzalayan 55 təşkilatdan 30-u həm 2025, həm 2026-cı ildə, 12-si yalnız 2025-ci ildə, 8-i isə yalnız 2026-cı ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin böyük, orta və kiçik qrant müsabiqələrində qalib olub. Bu təşkilatların iki ildə həmin müsabiqələrdən aldığı qrantların cəmi 1 491 500 manatdır. Araşdırmada agentliyin digər müsabiqələri hesablanmayıb, ona görə ümumi məbləğin daha çox olduğu qeyd edilir.
Məktub İranın elm naziri Hüseyn Simayi-Sərrafın oktyabrın 22-də Azərbaycanda məktəblərdə hicab qadağasına toxunaraq hicablı azərbaycanlı qızları İran universitetlərinə dəvət etməsindən dörd gün sonra göndərilib. Azərbaycan rəsmiləri də İran nazirinin açıqlamasını məktubdan əvvəl qınamışdılar.
Meydan TV xatırladır ki, yerli QHT-lər əvvəllər də xarici liderlərə kollektiv müraciətlər ünvanlayıb: 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra 522 QHT bəyanat yayıb, 2022-ci ildə Fransa prezidenti Emmanuel Makrona, 2025-ci ildə isə ABŞ prezidenti Donald Trampa müraciət edilib. Araşdırmaya görə, bu müraciətlərin hamısı hökumətin əvvəlcədən açıqladığı mövqeyi dəstəkləyib.
Avropa Şurasının Azərbaycanla bağlı sənədində və “CSO Meter” hesabatında agentliyin vəsaitinin böyük hissəsini hökumətə yaxın təşkilatlara (GONGO) ayırdığı, müstəqil QHT-lərin isə əlverişsiz vəziyyətə salındığı yazılıb. Bu vaxt hökumət xarici qrantlara sərt məhdudiyyətlər qoyub, müstəqil QHT rəhbərlərindən Akif Qurbanov, Anar Məmmədli və başqaları uzunmüddətli həbs cəzası alıb, Bəşir Süleymanlı və Məmməd Məmmədzadənin məhkəməsi davam edir.


