“Semafor”: Trampın Azərbaycana səfir namizədi Bosniya serblərinin liderinin maraqlarını müdafiə etməkdə ittiham olunur

Foto: U.S. Department of State, Public domain, Wikimedia Commons
11-11-2026 18:41

ABŞ Prezidenti Donald Trampın Azərbaycana səfir vəzifəsinə irəli sürdüyü Aleksandr Alden vaxtilə ABŞ sanksiyalarına məruz qalmış bosniyalı serb siyasətçi Milorad Dodikin maraqlarını Vaşinqtonda fəal müdafiə etməkdə ittiham olunur. Bu iddialar onun Senatda təsdiqlənməsi prosesində müzakirə mövzusuna çevrilə bilər.

ABŞ-nin “Semafor” nəşri onun fəaliyyətindən xəbərdar olan bir neçə adsız mənbəyə istinadən yazır ki, Alden Tramp administrasiyasının Bosniya və Herseqovinadakı Serb Respublikası ilə münasibətləri yaxınlaşdırmasında əsas simalardan biri olub. Mənbələrdən biri onu “Dodik və Serb Respublikası ilə bağlı Bosniya siyasətinin əsas hərəkətverici qüvvəsi” adlandırıb, administrasiyadakı bəzi həmkarlarının isə ona “Dövlət Departamentindəki serb” dediyi bildirilir. Dodik 2025-ci ildə ABŞ-nin sanksiya siyahısından çıxarılıb.

Co Baydenin prezidentliyi dövründə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olmuş Cim O’Brayen “Semafor”a deyib ki, iddialar doğrudursa, bu, Aldenin mühakimə qabiliyyəti ilə bağlı ciddi suallar doğurur. Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi isə administrasiyanın onun hökumət və özəl sektor təcrübəsinə görə Azərbaycanda “görkəmli səfir” olacağına əmin olduğunu bildirib.

“Semafor”un istinad etdiyi ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə görə, Serb Respublikası hökuməti 2025-ci ildən bəri Vaşinqtonda lobbiçiliyə 11 milyon dollardan çox pul xərcləyib. Aldenin Senatda dinləməsinin nə vaxt keçiriləcəyi hələ bəlli deyil.

Tramp Aldeni bu ilin iyununda Azərbaycana səfir namizədi kimi irəli sürüb. Onun 2021-ci ildən bəri baş məsləhətçi işlədiyi ABŞ texnologiya və müdafiə şirkəti “Palantir” ilə maliyyə əlaqələri də o vaxt diqqət çəkmişdi: Alden şirkətdə milyonlarla dollar dəyərində səhmi olduğunu açıqlayıb və təsdiqlənsə, 90 gün ərzində onları satacağını vəd edib. OC Media qeyd edir ki, Azərbaycan Serbiya ilə sıx əlaqələr saxlayır, İlham Əliyevin də Dodiklə yaxın münasibətləri var.

Digər xəbərlər