FSB Mərkəzi Asiya və Cənubi Qafqazdan olan yeddi nəfəri Rusiya vətəndaşlığından məhrum etdiyini deyir

Foto: Vyacheslav Argenberg, CC BY 4.0, Wikimedia Commons
09-11-2026 10:51

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) noyabrın 9-da bildirib ki, Daxili İşlər Nazirliyi ilə birlikdə “Mərkəzi Asiya regionu və Zaqafqaziyadan olan” yeddi nəfərin Rusiya vətəndaşlığına xitam verib. Qurum bunu həmin şəxslərin “Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratması” ilə əsaslandırır və 2023-cü il vətəndaşlıq qanununa istinad edir.

FSB-nin iddiasına görə, Tambov vilayətində yaşayan şəxs diasporun fəal üzvü olub və “miqrant işçilərin maraqlarının yerli əhali ilə münaqişələrdə güc yolu ilə müdafiəsi” ideyalarını dəstəkləyib. Qurum onun xuliqanlıq, ağır bədən xəsarəti yetirmə və silah saxlama maddələri ilə məhkum olunduğunu, hazırda cəza çəkdiyini yazır.

Zabaykalye diyarının sakini isə hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı çıxmağa çağırmaqda və “yaxın xaricdən olanlar arasında hərbi xidmətə münasibət formalaşdırmaqda” ittiham olunur.

Xakasiyada yaşayan iki nəfər barəsində FSB iddia edir ki, onlar etnik ruslara qarşı millətçi fikirlər yayıb, azyaşlı uşaqlarına təhsil müəssisələrində rus dilində danışmağı qadağan ediblər. Tver və İvanovo vilayətlərindən və Perm diyarından olan digər üç nəfər isə iqtisadi cinayətlərdə, kütləvi dava təşkil etməkdə və “etnik üstünlük” ideyaları yaymaqda ittiham edilir.

FSB açıqlamasında bu şəxslərin adlarını və hansı ölkələrdən gəldiklərini göstərməyib.

Digər xəbərlər