Zavodlarına Ukrayna dronları zərbə endirən “Rosneft” Rusiyada yanacaq satışını məhdudlaşdırır
İllüstrativ foto: Walterwefer, CC BY-SA 3.0, Wikimedia CommonsRusiyanın dövlət neft şirkəti “Rosneft” ölkənin bütün bölgələrində yanacaqdoldurma məntəqələrində satışa limit qoyur. Bunu Zabaykalye diyarının İqtisadi İnkişaf Nazirliyi bildirib. Nazirliyə görə, şəhər məntəqələrində 30, trassalarda 50 litrə qədər yanacaq almaq olar.
Kareliyanın rəhbəri Artur Parfençikov noyabrın 8-də bölgədə eyni limitlərin tətbiq olunduğunu yazıb. Onun sözlərinə görə, dizel üçün hədd 50 litrdir, yük maşınları üçün sürətli kolonkalarda isə 200 litrə qədər satılır. Kanistrə yanacaq doldurmaq qadağandır.
“Kommersant” qəzeti yazır ki, Krasnoyarskda bir avtomobilə 30 litr AI-95, 50 litr AI-92 və 100 litr dizel verilir. Oxşar məhdudiyyətlər barədə Arxangelsk və Penzada sürücülər, Buryatiyada isə yerli hakimiyyət məlumat verib.
Son iki həftədə “Rosneft”in bir neçə neft emalı zavodu Ukrayna dronlarının hücumuna məruz qalıb: oktyabrın 30-da Samara vilayətindəki Novokuybışevsk, oktyabrın 31-də Ufadakı “Başneft-Novoyl”, noyabrın 5-də isə Ryazan vilayətindəki zavod. Noyabrın 9-na keçən gecə Leninqrad vilayətində Rusiyanın neft emalının 7 faizini verən Kirişi zavodunun da yandığı bildirilir.
“Bloomberg” agentliyi yazır ki, “Rosneft”də Putinin Ukraynaya qarşı başlatdığı müharibənin daha bir neçə ay davam etməsinin şirkətin biznesinə uzunmüddətli ziyan vura biləcəyi hesab olunur.


