Rusiyanın nəzarətindəki Zaporojye AES-i xarici elektrik enerjisini itirib, stansiya dizel generatorlarına keçib
Arxiv foto: Leo211, CC BY-SA 4.0, Wikimedia CommonsAvropanın ən böyük atom elektrik stansiyası olan və 2022-ci ildən Rusiyanın nəzarətində qalan Zaporojye AES-i noyabrın 8-də xaricdən elektrik almağı dayandırıb. Stansiyanın Rusiya tərəfindən idarə olunan rəhbərliyinin “Max” messencerində yazdığına görə, stansiyanın öz ehtiyaclarını ödəyən 330 kilovoltluq “Ferrosplavnaya-1” xətti zədələnmə səbəbindən avtomatik açılıb, ehtiyat dizel generatorları isə normal rejimdə işə düşüb.
Rəhbərlik personalın avadanlığın bütün göstəricilərini izlədiyini, radiasiya fonunun stansiyada və müşahidə zonasında normada olduğunu bildirib. Stansiyanın kommunikasiya direktoru Yevgeniya Yaşina “Interfax” agentliyinə deyib ki, xəttin harada və necə zədələndiyi, təmirin mümkünlüyü və enerjinin nə vaxt bərpa olunacağı yoxlamadan sonra bəlli olacaq. Onun sözlərinə görə, stansiyada olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) əməkdaşlarına məlumat verilib.
“Stansiyada dizel yanacağı var, təhlükəsizlik sistemlərini enerji ilə təmin edən ehtiyat generatorlarında işlədilir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin hücumları səbəbindən ehtiyatlar uzun müddətdir mütəmadi artırılmayıb”, - Yaşina deyib.
Zaporojye AES-i elektriki Ukraynanın nəzarətindəki Dnepr sahilindən iki xətlə alır. Əsas xətt olan 750 kilovoltluq “Dneprovskaya” mart ayının sonundan dayaqları zədələndiyi üçün işləmir. “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçov iyunun 22-də bu xəttin təmirinin bitdiyini demişdi. “Interfax”ın yazdığına görə, Ukrayna tərəfindən xəttə gərginlik verilməyib, səbəbi isə bildirilməyib. Beləliklə, ehtiyat xətt açılandan sonra stansiya kənardan enerjisiz qalıb.
Stansiyanın altı reaktoru 2022-ci ilin sentyabrından elektrik istehsal etmir və soyuq dayanma rejimindədir, lakin reaktorların və işlənmiş yanacağın soyudulması üçün elektrik lazımdır. BAEA 2025-ci ilin dekabrında stansiyanın müharibə boyu 20-ci dəfə xarici enerjisiz qaldığını bildirmişdi.


