Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri dələduzluqda ittiham olunan şəxsə bəraət verib
İllüstrativ foto: Douglas Palmer, CC BY 2.0, Wikimedia CommonsBakı Ağır Cinayətlər Məhkəməsi külli miqdarda dələduzluqda ittiham olunan Mircəmil Məmmədova bəraət hökmü çıxarıb. İşə məhkəmənin sədri, hakim İsmayıl Xəlilov baxıb.
Prosesi izləyən “Qafqazinfo” saytı xəbər verir ki, Məmmədov yalnız bir epizod üzrə, “Azhur Holding” MMC-yə məxsus 180 min manatın dələduzluq yolu ilə ələ keçirilməsində ittiham olunub. İttiham aktının digər epizodlarında onun adı çəkilmir. Məmmədov ilk gündən ittihamı qəbul etməyib, cinayətlə əlaqəsi olmadığını deyib.
Vəkil Ruzi Səmədov proses boyu müvəkkilinin təqsirsizliyini göstərən sübutlar təqdim edib və bəraət hökmü istəyib. Dövlət ittihamçısı isə son çıxışında hər iki təqsirləndirilənin təqsirli bilinməsini tələb edib.
Məhkəmə ittihamların əsassız olduğu, Məmmədovun cinayətlə əlaqəsi olmadığı qənaətinə gəlib. Bu günə qədər polis nəzarətində olan Məmmədova bəraət verilib və ona gələcəkdə təzminat tələb etmək hüququ izah olunub.
Eyni iş üzrə mühakimə olunan, Məmmədovun tanışı Şakir Əmirov isə külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.
“Qafqazinfo”nun yazdığına görə, məhkəmə sədri olduğu üçün İsmayıl Xəlilovun icraatına nadir hallarda iş verilir və bu, onun baxdığı iki işdən biri olub.


