Bayden memuarlarında Putinin görüşlərdə özünü laqeyd və şıltaq apardığını yazır
ABŞ-nin 46-cı prezidenti Co Baydenin Ağ Evdəki dörd ili haqqında yazdığı “Promise Me, America” (“Mənə söz ver, Amerika”) adlı memuarları noyabrın 17-də satışa çıxıb. Kitabda Bayden Vladimir Putinlə görüşlərindən, Volodimir Zelenski ilə çətin münasibətlərindən və Benyamin Netanyahu ilə fikir ayrılıqlarından danışır.
Kitabı dərcdən əvvəl oxuyan “The Wall Street Journal” qəzeti yazır ki, Bayden Putinin danışıq tonunu əsəbi və şıltaq kimi xarakterizə edir. Baydenin sözlərinə görə, görüşlərdə Rusiya prezidenti kresloya yayxanıb oturmağı və laqeydlik nümayiş etdirməyi xoşlayırdı, özünü yeniyetmə kimi aparırdı.
Bayden Zelenskinin aktyorluq keçmişinin onu müharibə dövründə ölkəyə rəhbərlik etməyə yaxşı hazırladığını etiraf edir. Lakin yazır ki, təkbətək söhbətlərdə Ukrayna prezidenti bəzən qaşqabaqlı və inadkar olur, Amerika liderinin gözlədiyindən az minnətdarlıq göstərirdi.
“The Atlantic” jurnalının yazdığına görə, Bayden 2024-cü ildə yenidən namizəd olmaq qərarını da müdafiə edir. Onu yaşı və sağlamlığı ilə bağlı narahatlıqların şişirdildiyinə inandıran iki hadisə kimi 2023-cü ildə Konqresə illik müraciətini və iki həftə sonra müharibə şəraitində Kiyevə gözlənilməz səfərini göstərir.
Bayden 2024-cü ilin iyununda Donald Trampla teledebatdakı uğursuz çıxışını bir neçə gün əvvəldən özünü pis hiss etməsi, uzun səfərlərdən yorulması və oğlu Hanter Baydenin məhkəmə prosesi ilə izah edir. O, debatda fikrinin ipini itirdiyini etiraf edir, lakin bunu düzəlməz saymadığını yazır. Həmin debatdan sonra Demokratlar Partiyasında namizədin dəyişdirilməsi tələbləri səslənmiş, Bayden yarışdan çəkilmişdi.
Memuarların çıxdığı vaxt Trampın komandası Rusiya ilə Ukrayna arasında yeni danışıqlar raunduna hazırlaşır: Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcək.
