Moskvada 200-ə yaxın adam saxlanılıb, saxlanılanlar polisin onlara Rusiya ordusu ilə müqavilə imzalamağı təklif etdiyini deyir
Arxiv foto: Mikhail (Vokabre) Shcherbakov from Moscow, Russia, CC BY-SA 2.0, Wikimedia CommonsMoskvanın mərkəzində, “Kitay-qorod” metro stansiyası ərazisində keçirilən reyd zamanı polis dəqiqləşdirilmiş məlumata görə, 200-ə yaxın adamı saxlayıb. Saxlanılanların çoxu yetkinlik yaşına çatmayanlardır.
“Ostorojno, novosti” (“Diqqət, xəbərlər”) Telegram kanalı saxlanılanlara istinadən yazır ki, polis əməkdaşları onları hədələyib və güc tətbiq edib. Kanalın həmsöhbətlərindən biri deyib ki, polis avtomobilində 18 yaşdan yuxarı olan hər kəsə israrla hərbi xidmət müqaviləsi imzalamaq təklif olunub. Digər həmsöhbətin sözlərinə görə, aparıldıqları “Taqanski” polis şöbəsində hərbi komissarlığa çağırış vərəqələri verilib, bunların arasında xidmətdən möhlət hüququ olan tələbələr də var.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi reydi ictimai asayişin təmin olunması və inzibati hüquqpozmaların, o cümlədən ictimai yerlərdə spirtli içki içilməsinin qarşısının alınması üçün “profilaktik tədbir” adlandırıb.
“Baza” Telegram kanalının məlumatına görə, saxlanılanlar barəsində ictimai yerdə spirtli içki içmək, sərxoş vəziyyətdə olmaq və polisin tələbinə tabe olmamaq maddələri ilə inzibati protokollar tərtib edilib.
Noyabrın 7-də gecə saatlarında saxlanılanlar buraxılmağa başlayıb, yetkinlik yaşına çatmayanların dalınca polis şöbələrinə valideynləri gəlib. Hamının azadlığa buraxılıb-buraxılmadığı hələlik bəlli deyil.
“Meduza” nəşri yazır ki, Kitay-qorodda oxşar kütləvi saxlanmalar iyulun 3-də də olub. Həmin axşam onlarla adam, o cümlədən 12-13 yaşlı yeniyetmələr polisə aparılıb, zərərçəkənlərin çoxu xüsusi təyinatlı polisin onları döyüb təhqir etdiyini deyib.


