Ər-Riyadda “Saudi Aramco” şirkətinin inzibati binasına raket qəlpələri düşüb
İllüstrativ foto, Ər-Riyadın işgüzar məhəlləsi: Ahad.F, CC BY-SA 4.0, Wikimedia CommonsSəudiyyə Ərəbistanının Energetika Nazirliyinin məlumatına görə, noyabrın 8-də Ər-Riyadın işgüzar məhəlləsindəki “Saudi Aramco” inzibati binasının üzərinə raket qəlpələri düşüb. “Al Jazeera” telekanalı binanın cüzi zədələndiyini yazır, nazirlik isə xəsarət alan olmadığını bildirib.
Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın sözçüsü Türki əl-Maliki “X” səhifəsində Ər-Riyad və ölkənin cənub bölgəsi səmasında iki qanadlı raketin, bundan əvvəl isə paytaxta atılan iki ballistik raketin vurulduğunu yazıb. Sözçü ölkənin şərqinə atılan daha bir ballistik raketin də məhv edildiyini bildirib.
Husilər bir gün əvvəl Ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə raket və dronla hücum etdiklərini demişdilər. Onlar Səna yaxınlığında 33 nəfərin öldüyü hava zərbələrində Səudiyyə Ərəbistanını ittiham edirlər.
Dünyanın ən böyük neft şirkətlərindən olan “Saudi Aramco”nun obyektləri bu ilk dəfə hədəfə çevrilmir. Oktyabrda Dəhrandakı inzibati binasına hücumdan sonra Energetika Nazirliyi məhdud yanğın baş verdiyini, xəsarət alan olmadığını bildirmişdi. “Reuters” agentliyi isə şirkətdəki mənbəyə istinadən ballistik raketin ofis binasına dəydiyini və yuxarı üç mərtəbəni zədələdiyini yazmışdı.


