Qəzzada leysan 70 min köçkün çadırını su altında qoyub

Arxiv foto, Əl-Məvasidə köçkün çadırları: Ashraf Amra, CC BY-SA 3.0 igo, Wikimedia Commons
08-11-2026 13:28

Qəzza zolağında cümə gecəsindən yağan leysan və güclü külək 70 min çadırı su altında qoyub, onlarla divarı yıxıb. Bu məlumatı Qəzzanın Hökumət Media Ofisi yayıb. Ofis fırtınanın vurduğu ziyanı 3 milyon dollar qiymətləndirir.

Qəzzanın mülki müdafiə xidməti azı 1 500 təcili çağırış aldığını deyir. Qurumun məlumatına görə, 2 mindən çox bina uçmaq təhlükəsi altındadır, köçkünləri sığınacaqla təmin etmək üçün isə ən azı 300 min çadır lazımdır.

“Al Jazeera” telekanalının Qəzza şəhərindəki müxbiri İbrahim əl-Xəlili isladılmış döşək və paltarlar gördüyünü, təxminən 400 min köçkünün daşqına qarşı yüksək dərəcədə həssas yerlərdə qaldığını bildirib. Dər əl-Bələhdəki müxbir Əşrəf Əbu Əmra isə çadırlarını su basan ailələrin şənbə səhərindən bəri ərzaq yardımı almadığını deyib.

BMT-nin Uşaq Fondunun (UNICEF) Fələstindəki xüsusi nümayəndəsi Conatan Veyç insanların əksəriyyətinin “dəhşətli şəraitdə” yaşadığını deyərək, yardım üçün əlavə maliyyə ayrılmasına çağırıb. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) daha əvvəl Qəzzada təxminən 950 min köçkünün daşqın təhlükəsi olan ərazilərdə yaşadığını bildirmişdi.

“Al Jazeera” yazır ki, İsrail yardım, sığınacaq və tikinti materiallarının Qəzzaya girişinə məhdudiyyətləri davam etdirir və bu, köçkünlərə kömək işini çətinləşdirir. Telekanalın verdiyi rəqəmlərə görə, İsrailin 2023-cü ilin oktyabrında “Həmas”ın rəhbərlik etdiyi hücumdan sonra başlatdığı müharibədə 74 640-dan çox insan ölüb, 2025-ci ilin oktyabrında “atəşkəs” qüvvəyə mindikdən sonra isə İsrail azı 1 610 fələstinlini öldürüb.

Digər xəbərlər