Ukrayna ikinci gecə Krım körpüsünü vurub, avtomobil yolunun tağının çökdüyü deyilir

Arxiv foto: Krım körpüsü, Росавтодор, CC BY 4.0, Wikimedia Commons
17-11-2026 09:18

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda Moskvanın təyin etdiyi rəhbər Sergey Aksyonov noyabrın 17-nə keçən gecə Ukrayna ordusunun Krım körpüsünə yenidən hücum etdiyini bildirib. Aksyonovun sözlərinə görə, körpüdə nəqliyyatın hərəkəti Moskva vaxtı ilə gecəyarısı dayandırılıb, Krım sakinləri və turistlərdən körpü istiqamətində səfər etməmək xahiş olunub. Aksyonov zərər barədə məlumat verməyib.

Ukraynanın monitorinq kanalları “Telegram”da körpüyə raketlə zərbə endirildiyini, avtomobil hissəsinin tağının zədələnib suya düşdüyünü yazıb. Rusiyalı hərbi bloqerlər də “ciddi zərər”dən danışır: onlardan biri, Boris Rojin körpünün avtomobil hissəsində bir aşırımın və tağın çökdüyünü iddia edib. Rusiya rəsmiləri bu iddiaları hələlik təsdiqləməyib.

Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Ukrayna Silahlı Qüvvələri körpünü FP-5 “Flaminqo” raketi ilə vurub. Kiyev Kerç boğazı üzərindəki körpünü qanuni hərbi hədəf sayır.

Bu, iki gün ərzində körpüyə ikinci hücumdur. Noyabrın 16-da səhər körpüyə endirilən zərbədən sonra hərəkət demək olar ki, bütün gün bağlı qalmışdı. O zaman “Mash” kanalı tağlardan birinin zədələndiyini yazsa da, Rusiya hakimiyyəti bunu təsdiqləməmişdi, Kreml isə zərəri “əhəmiyyətsiz” adlandırmışdı.

Eyni gecə Ukrayna dronları Başqırdıstandakı Ufa və Salavat şəhərlərində sənaye zonalarını hədəf alıb. Yerli hakimiyyət “kritik zərər” olmadığını bildirib, “Telegram” kanalları isə “Qazprom”a məxsus müəssisədə yanğın başladığını yazıb. Rusiya Müdafiə Nazirliyi öz növbəsində Ukraynada qanadlı raket istehsal edən müəssisələrə zərbələr endirdiyini açıqlayıb.

Hücumlar Rusiyanın Kiyevdə Dnepr üzərindəki Şimal və Cənub körpülərini vurmasından bir neçə saat sonra baş verib. Krım körpüsü Rusiyanı ilhaq olunmuş yarımadaya birləşdirən əsas quru yoludur; 2022-ci ilin oktyabrında və 2023-cü ilin iyulunda da hücuma məruz qalmışdı.

Digər xəbərlər