Türkiyədə müxalif “Sözcü TV”yə qəyyum təyin olunub, rəhbərlər saxlanılıb

İllüstrativ foto: Türkiyə qəzetləri, CC BY 4.0, Wikimedia Commons
17-11-2026 08:58

Türkiyədə polis noyabrın 17-də səhər hökuməti tənqid edən “Sözcü TV” telekanalının İstanbuldakı binasında axtarış aparıb. Türkiyənin NTV telekanalının məlumatına görə, əməliyyat Türkiyə hakimiyyətinin “FETÖ” adlandırdığı və terror təşkilatı saydığı Fətullah Gülən hərəkatı ilə bağlı işin çərçivəsində keçirilir, dörd nəfər barəsində tutulma qərarı verilib.

Saxlanılanlar arasında şirkətin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktoru Asım Akgül var. “Sözcü” Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, Əmanətlərin Sığortalanması Fondu (TMSF) telekanala və “sozcu.com.tr” xəbər saytına qəyyum təyin edib. Vəkilin sözlərinə görə, qərar hələlik yalnız telekanalı və saytı əhatə edir.

Barkın iddia edir ki, axtarışlar İstanbul Baş Prokurorluğunun təşəbbüsü ilə, əvvəllər məhkəmə baxışından keçmiş və Ali Kassasiya Məhkəməsinin (Yargıtay) qanun pozuntusu tapmadığı iş əsasında aparılır. Prokurorluq bu iddiaya hələlik cavab verməyib.

“Sözcü” Türkiyənin ən çox oxunan müxalif qəzetlərindən biridir, eyniadlı telekanal isə Rəcəb Tayyib Ərdoğan hökumətini sərt tənqid edən efirləri ilə tanınır. TMSF Türkiyədə əvvəllər də Gülən hərəkatı ilə əlaqə ittihamı ilə bir sıra şirkət və media qurumlarının idarəsini öz üzərinə götürüb.

Digər xəbərlər