ABŞ-nin yanacaqdoldurma təyyarələrini İran təhdidi səbəbindən Britaniyadakı bazasından apardığı deyilir
Foto: U.S. Air Force 100ARWPA by Staff Sgt. Tarelle Walker, Public domain, Wikimedia CommonsABŞ ordusu noyabrın 9-da Britaniyadakı RAF Mildenhall hava bazasından təyyarələrini çıxarıb. Bu, Vaşinqtonun İranla bağlı təhlükəsizlik narahatlığı səbəbindən bu ölkədəki bazadan təyyarələrini apardığı ikinci hal kimi təqdim olunur.
“The Wall Street Journal” qəzeti məsələdən xəbərdar şəxslərə istinadən yazır ki, bazadan istifadə edən iki yanacaqdoldurma təyyarəsi həmin gün Almaniyaya yönəldilib, daha bir neçəsi isə sonradan Almaniyaya və başqa yerlərə aparılıb. Qəzetə görə, təhdidin dəqiq xarakteri ABŞ rəsmiləri arasında hələ də müzakirə olunur.
Qəzetin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Mildenhall və Lakenheath bazalarında təhlükəsizlik səviyyəsi “Charlie” dərəcəsinə qaldırılıb. Bu, Pentaqonun sistemində ikinci ən yüksək səviyyədir və kəşfiyyat terror aktı ehtimalının yüksək olduğunu göstərəndə elan edilir.
Britaniya Müdafiə Nazirliyi başqa ölkələrin fəaliyyətini adətən şərh etmədiyini bildirib. ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü detal verməyib və təyyarələrin müxtəlif səbəblərlə bazalar arasında yerini dəyişdiyini deyib.
Sentyabrda RAF Fairford bazasının qarşısında beş nəfər saxlanılmış, daha iki nəfər isə sonradan İran kəşfiyyatına kömək etmək şübhəsi ilə həbs olunmuşdu. Bundan sonra ABŞ İrana zərbələrdə istifadə etdiyi B-1 bombardmançılarını həmin bazadan aparmışdı. Britaniyanın Baş naziri Endi Börnem ötən ay hadisənin çox güman ki İrandan əlaqələndirildiyini demişdi.
İranın Britaniyadakı səfiri ölkəsinin bazaya qarşı hər hansı planda iştirakını təkzib edib. SEPAH isə iyulda bildirmişdi ki, Fairford və İrana hücum üçün istifadə olunan digər bazalar qanuni hədəfdir.


