Rusiyaya inşaat işinə getdiyini deyən banqladeşli gənc Putinin müharibəsində cəbhəyə göndərildiyini danışır
Foto: Md Shaifuzzaman Ayon, CC BY-SA 4.0, Wikimedia CommonsBanqladeşdən olan 22 yaşlı Razan Hossain deyir ki, ona Rusiyada tikintidə iş vəd olunub, amma Moskvaya çatandan sonra Ukrayna cəbhəsinə göndərilib. Gənc indi ağır ayaq zədəsi ilə qoltuqağacı ilə gəzir.
Azadlıq Radiosuna danışan Hossainin sözlərinə görə, “Jabale Noor” adlı agentlik ona və daha 30 gəncə ayda 75 min rubl (təxminən 930 dollar) maaşla iş təklif edib. Ailəsi viza və yol xərcləri üçün torpağını satıb, təxminən 8 min dollar toplayıb. Mayın 7-də Moskvaya uçan qrup, onun dediyinə görə, dərhal yüzlərlə kilometr uzaqdakı döyüş bölgəsinə aparılıb. Hossain deyir ki, əlinə avtomat verilib və demək olar heç bir təlim keçmədən Rusiya bölmələrinin önündə irəliləmək əmri alıb. O, 20 həmyerlisinin gözünün qarşısında dron zərbələrindən öldüyünü bildirir.
Hossainin sözlərinə görə, iyunun 14-də dron zərbəsindən yaralanıb, komandir onu xəstəxanaya göndərməkdən imtina edib, müalicə istəyəndə yemək verilməyib və döyülüb. O, avqustun sonunda bir həkimin və Banqladeşin Moskvadakı səfirliyinin köməyi ilə evə qayıda bilib.
BMT-nin ötən ay yayılan hesabatında Rusiya ordusuna azı 29 ölkənin vətəndaşlarının xaricdəki agentlərlə əlaqəli şəkildə cəlb olunduğu, onların yalançı mülki iş təklifləri ilə aldadıldığı deyilir. “Amnesty International” da Ukraynadakı hərbi əsir düşərgələrində Braziliya, Kolumbiya, Kuba, Misir, Syerra-Leone, Şri-Lanka, Somali və Cənubi Afrika vətəndaşları ilə müsahibələr apardığını bildirir. Təşkilatın baş katibi Aqnes Kallamar Rusiyanı iqtisadi cəhətdən həssas əcnəbilərdən cəbhədə “top yemi” kimi istifadə etməkdə ittiham edir.
Rusiya hakimiyyəti əcnəbiləri aldadaraq və ya qanunsuz yolla orduya cəlb etməsi barədə ittihamları rədd edir, onların formal hərbi müqavilə ilə, könüllü şəkildə döyüşdüyünü deyir. Putin 2023-cü ilin mayında Rusiya ordusu ilə müqavilə imzalayan əcnəbilərə vətəndaşlığın sadələşdirilmiş qaydada verilməsi barədə fərman imzalayıb.
“Fortify Rights” və “Truth Hounds” təşkilatlarının martda yaydığı araşdırmaya görə, azı 104 banqladeşli Rusiya ordusuna cəlb olunub, onlardan azı 34-ü ölüb. Banqladeşin rəsmi məlumatına görə isə 2025-ci ilin yanvarından bu il oktyabrın 27-dək 7449 nəfərə Rusiyada işləmək üçün icazə verilib.


