Zelenski: Rusiya körpülərə və enerji sisteminə zərbələrlə Ukraynanı Dnepr boyunca bölməyə çalışır

Foto: Віктор Полянко, CC BY-SA 4.0, Wikimedia Commons
10-11-2026 11:04

Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib ki, Rusiya qoşunları körpülərə və enerji sisteminə zərbələr endirməklə Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır. Onun sözlərinə görə, bu zərbələrin məqsədi insanların, şəhər və kəndlərin həyatını mümkün qədər çətinləşdirməkdir.

“Financial Times” qəzeti yazır ki, Zelenski eyni fikri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə də deyib. Qəzetə danışan Ukrayna rəsmisinin sözlərinə görə, Kiyevin əlindəki məlumatlar göstərir ki, Rusiyanın planı təkcə Dnepr üzərindən nəqliyyat əlaqəsini, texnika və sursat daşınmasını pozmaq deyil, ölkənin qərbindən şərqinə elektrik ötürülməsini də azaltmaqdır. Rəsmi bunun qışda milyonlarla insanı işıqsız və istiliksiz qoyacağını bildirib.

Rusiya qoşunları oktyabrdan Kiyevdə Dnepr üzərindəki körpülərə zərbələri artırıb. Zərbələrdən sonra körpülər bağlanır, şəhərdə saatlarla tıxac yaranır.

Rusiya Müdafiə Nazirliyi noyabrın 10-na keçən gecə Dnepropetrovsk, Poltava və Kiyev vilayətlərində elektrik yarımstansiyalarına dronlarla zərbə endirdiyini açıqlayıb, bu obyektlərin Ukraynanın hərbi sənayesinin işini təmin etdiyini iddia edib. Bundan əvvəl Rusiyanın zərbələri nəticəsində Dnepropetrovsk vilayətində 600 min nəfərin işıqsız qaldığı bildirilmişdi.

Bu açıqlamalar Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Əbu-Dabidə görüşdüyü günlərə təsadüf edir. Britaniyada yaşayan təhlilçi Mark Qaleottinin Azadlıq Radiosunda dərc olunan fikrincə, gələn yaza qədər sülh gözlənilmir, çünki Putin ukraynalılara daha bir qış ağır zərbələr endirmək istəyəcək.

Digər xəbərlər