Əbu-Dabidə Putinin heyətinə FSB rəsmiləri də qatılıb, ABŞ Rusiyadan Avropanın masaya buraxılmasını istəyir
Foto: Vyacheslav Argenberg, CC BY 4.0, Wikimedia CommonsRusiya, Ukrayna və ABŞ arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilən danışıqlarda Putinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya heyətinin tərkibində Federal Təhlükəsizlik Xidmətinin (FSB) iki yüksək rütbəli rəsmisi də var.
“Interfaks” agentliyi danışıqçı qrupdakı adı açıqlanmayan mənbəyə istinadən yazır ki, bunlar FSB-nin Əməliyyat İnformasiyası və Beynəlxalq Əlaqələr Xidmətinin rəisi Aleksey Komkov və həmin xidmətin birinci müavini, əks-kəşfiyyat əməliyyatları departamentinin rəhbəri Dmitri Minayevdir. Putinin sözçüsü Dmitri Peskov isə əvvəl heyətdə xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzinin, Baş Qərargahın iki idarəsini təmsil edən İqor Kostyukov və Yuri Jiqarlovskinin olduğunu açıqlamışdı.
Eyni mənbənin sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna deyil, “münaqişədən sonrakı dövrdə yeni kontinental təhlükəsizlik sisteminin əsas aspektləri”dir. Mənbə Ukraynada nizamlanmanın müzakirə olunacaq məsələlərdən yalnız biri olduğunu iddia edir.
“Financial Times” qəzeti ABŞ rəsmisinə istinadən yazır ki, Tramp administrasiyası Rusiyanı danışıqlara avropalı rəsmilərin də qatılmasına razı salmağa çalışır. Qəzetin məlumatına görə, Vaşinqton Moskvadan Ukraynaya NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti verilməsinə etiraz edib-etməyəcəyini də soruşub. Bu zəmanətlərin mahiyyəti barədə son sözü Tramp deyəcək.
Peskov əvvəl avropalıların danışıqlarda iştirak etməyəcəyini demişdi. Ukrayna heyətinin rəhbəri Rustem Umerov isə Rusiya ilə görüşdən əvvəl Əbu-Dabidə Aİ və ABŞ nümayəndələri ilə ayrıca görüş keçirdiklərini bildirib. “Financial Times”ın yazdığına görə, avropalı diplomatlar irəliləyiş əldə olunacağına şübhə ilə yanaşır.
Azadlıq Radiosunun jurnalisti Stiv Qutterman da danışıqlarda dönüş gözləmir. O yazır ki, Putinin döyüşləri dayandıracağına dair əlamət yoxdur, təhlilçilərin fikrincə, Rusiya lideri əvvəlki danışıqlardan vaxt qazanmaq üçün istifadə edib. Qutterman son iki ildə Moskva heyətinə rəhbərlik edən Medinskini Putinin Ukraynanın suverenlik hüququnun olmaması barədə fikrini bölüşən şəxs kimi təqdim edir.


