Uşağa qulluq müavinəti 100 manata qaldırılır, amma altı aylıq sığorta stajı tələb olunacaq

İllüstrativ foto. Foto: Shixart1985, CC BY 2.0, Wikimedia Commons
11-11-2026 11:35

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev noyabrın 11-də komitənin iclasında bildirib ki, hazırda bir yaş yarımadək uşağa qulluğa görə ödənilən 44 manatlıq və bir yaş yarımdan üç yaşadək uşağa qulluğa görə ödənilən 28 manatlıq müavinət 100 manata qaldırılacaq.

Təklif olunan dəyişikliyə görə, hamiləliyə və doğuma görə müavinət də, üç yaşınadək uşağa qulluğa görə müavinət də bundan sonra “Sosial sığorta haqqında” qanunla sosial sığorta müavinəti kimi təyin edilib ödəniləcək. Üç yaşınadək uşağa qulluq müavinəti üçün ən azı altı aylıq sığorta stajı tələbi qoyulur. Qanunvericilikdəki “qismən ödənişli sosial məzuniyyət” anlayışı da “uşağa qulluğa görə sosial məzuniyyət” ilə əvəzlənəcək.

Quliyev dəyişikliyin “ailələrin, ilk növbədə isə kiçik yaşlı uşağı olan valideynlərin sosial müdafiəsinə xidmət etdiyini” deyib.

İclasda Əmək Məcəlləsinə dəyişikliklər də müzakirə olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyevin sözlərinə görə, layihə müəyyən sahələrdə bir aydan az müddətə bağlanan əmək müqavilələri, həmçinin həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqının tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının aylıq minimum əməkhaqqından hesablanan saatlıq tarifdən yüksək olması təklif olunur.

Nazir müavini bildirib ki, saatlıq əməkhaqqının tətbiq olunacağı sahələri Nazirlər Kabineti müəyyən edəcək, ilk mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə nəzərdə tutulur. Musa Quliyev isə saatlıq əməkhaqqının azyaşlı uşağı olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıra biləcəyini və qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə təkan verəcəyini deyib.

Digər xəbərlər