Komitə sədri: İxtisarlardan sonra bəzi kəndlərin idarəsi iki nəfərin üzərində qalıb

Arxiv foto: Nariman5599, CC0, Wikimedia Commons
11-11-2026 14:01

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dövlət qurumlarında aparılan ixtisarların bəzi yerlərdə işin aparılmasını çətinləşdirdiyini deyib. Novruzov bunu noyabrın 11-də parlamentin dörd komitəsinin 2027-ci il büdcəsini müzakirə etdiyi birgə iclasda bildirib.

Deputatın sözlərinə görə, nazirliklərdə, rayon icra hakimiyyətlərində və kəndlərdəki icra nümayəndəliklərində ixtisarlar gedir: “Bəzi yerli icra nümayəndəliklərində dörd əməkdaşdan ikisinin ixtisara düşməsi nəticəsində bir kəndin idarəçiliyi cəmi iki nəfərin üzərində qalır”.

Novruzov xatırladıb ki, qanuna görə, şəhid ailələri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranları, Çernobıl əlilləri, əlilliyi olan şəxslər və himayəsində azyaşlı və ya xəstə olanlar dərhal yox, növbəti mərhələdə ixtisara düşür. Onun sözlərinə görə, bu səbəbdən bəzi yerlərdə qalan iki işçi də sonradan ixtisara düşür: “Burada yanaşma müəyyənləşməlidir ki, heç olmasa işi aparan olsun”.

Deputat həkimlərin də ona müraciət etdiyini deyib: “Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür. İş təcrübəsi azdır və ya dediyim kateqoriyalara uyğun gəlmir deyə bu addım atılır”. Novruzov bu məsələyə xüsusi diqqət ayrılmasını istəyib.

Nazirlər Kabineti deputatın səsləndirdiyi iradlara hələlik cavab verməyib.

Digər xəbərlər