Azərbaycanda illik məzuniyyətin pulla əvəz olunması qadağan edilə bilər
İllüstrativ foto: Nabran çimərliyi. Interfase, Public domain, Wikimedia CommonsAzərbaycanda işçinin minimum 21 təqvim günlük əmək məzuniyyətini pul kompensasiyası ilə əvəz etmək qadağan oluna bilər. İstisna yalnız əmək müqaviləsinə xitam veriləndə ödənilən kompensasiyadır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə dəyişiklikləri təqdim edərkən deyib.
Nazir müavininin sözlərinə görə, məqsəd məzuniyyəti yalnız maliyyə təminatı kimi yox, işçinin istirahəti, sağlamlığı və iş qabiliyyətinin bərpası üçün “fundamental hüquq” kimi təmin etməkdir. “Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”, - deyə Zaur Əliyev bildirib. O, dəyişikliyin qanunvericiliyi beynəlxalq əmək standartlarına uyğunlaşdırmağa xidmət etdiyini də deyib.
Layihədə məzuniyyətin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları da dəqiqləşdirilir. Dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidməti tənzimləyən qanunlara da şamil edilməsi nəzərdə tutulur.
Eyni iclasda komitə üzvü, deputat Vüqar Bayramov əmək müqaviləsi ilə işləyənlərin azlıqda olduğunu deyib. Onun səsləndirdiyi rəqəmlərə görə, ölkədə məşğul əhali 5 milyon 105 min nəfərdir, əmək müqaviləsi ilə muzdla işləyənlər isə 1 milyon 776 min nəfərdir: onların 834 mini dövlət, 942 mini özəl sektordadır. Deputatın hesablamasına görə, bu, məşğulların cəmi 35 faizidir, qalan 65 faiz müqaviləsiz çalışır.
Rəsmi statistikada məşğul əhaliyə muzdlu işçilərdən başqa öz hesabına işləyənlər, o cümlədən fərdi təsərrüfatlarda çalışanlar da daxildir. Müqaviləsiz işləyənlər isə praktikada məzuniyyət də daxil olmaqla Əmək Məcəlləsinin təminatlarından kənarda qalır. “Əmək müqaviləsi ilə çalışmaq sadəcə vergi ödənişləri deyil, həmçinin əmək hüquqlarının qorunması və pensiya təminatı baxımından vacibdir”, - deyə Bayramov bildirib.
Komitədə həmçinin kənd təsərrüfatı və ictimai iaşədən başlayaraq saatlıq əməkhaqqının tətbiqi və uşağa qulluq müavinətinin 100 manata qaldırılması da müzakirə olunub.


