Avtomatla hərbi hissəni tərk edən əsgər 7 il həbs cəzası alıb
İllüstrativ foto. Foto: ABŞ Müdafiə Nazirliyi, Public domain, Wikimedia CommonsCəlilabad Hərbi Məhkəməsi avtomat silah və döyüş sursatı ilə hərbi hissəni özbaşına tərk edən müddətli həqiqi hərbi xidmət hərbçisi N.A.-ya 7 il həbs cəzası verib.
“Haqqın” saytının məhkəmə müxbiri xəbər verir ki, ittihama görə, əsgər “Instagram”da “Haji_dalton 111” adlı profil açaraq əsasən gənclərdən ibarət “Daltonlar” cinayətkar qrupunun üzvləri ilə yazışıb və qrupa qoşulmaq istəyib. Ötən ilin noyabrında o, avtomat və sursat götürərək hissədən çıxıb, amma yolu düzgün müəyyən edə bilmədiyi üçün uzağa gedə bilməyib.
Saytın yazdığına görə, əsgər silahı yoxlamaq üçün bir neçə dəfə havaya atəş açıb, bunu videoya çəkib qrup üzvlərinə göndərib. Ona yaxınlaşan polis əməkdaşının tələbinə tabe olmayıb, havaya və polisin istiqamətində yerə atəş açıb. Keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Məhkəmədə N.A. təqsirini inkar etməyib. O deyib ki, polis yaxınlaşanda emosional vəziyyətdə olub, “Daltonlar”la ünsiyyəti dayandırmaq istəsə də, ona imkan verilməyib, heç kimə zərər vurmaq niyyəti olmayıb. Əsgərin sözlərinə görə, o, qrupa faktiki qoşulmayıb, yalnız sosial şəbəkədə yazışıb; silahı götürüb Türkiyəyə keçəndən sonra ona pul və avtomobil vəd olunub.
Saytın məlumatına görə, telefonunun yoxlanılması zamanı məlum olub ki, hadisədən bir gün əvvəl əsgər yazışdığı istifadəçilərdən birindən Türkiyəyə qaçmaq üçün kömək istəyib və gecə əvvəlcə Gürcüstana, oradan Türkiyəyə getməyi planlaşdırdığını yazıb.


