Ukrayna dronları Rusiyanın Tatarıstan və Rostov vilayətlərindəki neft obyektlərinə hücum edib

İllüstrativ foto: “Transneft” neftvurma stansiyası. Foto: Мельников, CC BY-SA 4.0, Wikimedia Commons
23-11-2026 09:35

Ukrayna dronları noyabrın 23-nə keçən gecə Rusiyanın neft infrastrukturuna aid iki obyektə - Tatarıstanın Almetyevsk şəhərindəki “Kaleykino” neftvurma stansiyasına və Rostov vilayətindəki Novoşaxtinsk neft məhsulları zavoduna hücum edib.

Tatarıstan rəhbərinin mətbuat xidmətinin açıqlamasına görə, respublika ərazisində neft saxlanılan çənlər hücuma məruz qalıb. “Uzun sürən hücum nəticəsində bir neçə obyekt zədələnib. Ölən və yaralanan yoxdur”, - açıqlamada deyilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə stansiyada yanğın görünür.

“Transneft - Prikamye” şirkətinə məxsus “Kaleykino” stansiyası Rusiyanın neft kəməri sisteminin əsas qovşaqlarından biridir. Ukrayna dronları ona sonuncu dəfə noyabrın 19-da hücum etmişdi.

Novoşaxtinsk zavodu Rostov vilayətinin yeganə neft emalı zavodu və Rusiyanın cənubunu yanacaqla təmin edən ən böyük müəssisələrdən biridir. Şahidlərin çəkdiyi görüntülərdə şəhərin üzərində qara tüstü qalxır. Rostov vilayətinin rəhbərliyi sentyabrın sonunda zavodun növbəti hücumdan sonra işini dayandırdığını bildirmişdi.

Rusiya Ukraynanın enerji obyektlərini müntəzəm vurur, Kiyev isə cavab olaraq Rusiyanın neft emalı və ixrac infrastrukturuna hücumları artırıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusar gecə ərzində vilayət üzərində 80-dən çox dronun məhv edildiyini və ya sıradan çıxarıldığını bildirib.

Digər xəbərlər