Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini dərc edib: mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də ölkənin yeni Konstitusiyasının layihəsini ictimaiyyətə təqdim edib. Layihə bunun üçün ayrıca yaradılmış saytda yerləşdirilib, vətəndaşlar orada mətni oxuyub öz təkliflərini göndərə bilərlər.
“Əziz xalq, Ermənistanın əziz vətəndaşları, yeni Konstitusiyanın layihəsini təqdim etməkdən məmnunam. Bu, sizin Konstitusiyanızdır”, - Paşinyan sosial şəbəkədə yazıb. O, saat 10:00-da canlı yayımda xalqa müraciət edəcəyini bildirib.
Layihənin preambulasında 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Preambulada deyilir ki, Ermənistan xalqı Konstitusiyanı “dövlətçiliyimizin davamlılığı və inkişafı naminə, beynəlxalq səviyyədə tanınmış ərazimizdə firavan dövlət qurmaq missiyasını rəhbər tutaraq” qəbul edir.
Hazırkı Konstitusiyanın preambulası Müstəqillik Bəyannaməsinə əsaslanır, bəyannamədə isə Dağlıq Qarabağın Ermənistanla birləşməsi haqqında qərara istinad var. Azərbaycan hökuməti Ermənistanla sülh sazişinin imzalanması üçün bu istinadın Konstitusiyadan çıxarılmasını şərt kimi irəli sürür.
Yeni Konstitusiya referendumla qəbul olunmalıdır. Paşinyan əvvəllər referendum uğursuz olarsa istefa verəcəyini demişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə ötən həftə Konstitusiya dəyişərsə, Azərbaycanla sülh müqaviləsinin bir neçə gün ərzində imzalana biləcəyini bildirmişdi.

