Azərbaycan, Ermənistan və ABŞ TRIPP marşrutu üzrə üçtərəfli texniki qruplar yaradıb
Foto: The White House, Public domain, Wikimedia CommonsAzərbaycan, Ermənistan və ABŞ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini irəlilətmək üçün üçtərəfli texniki planlaşdırma qruplarının işinə start verib. Bu barədə üç ölkənin birgə bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən yayılıb.
Qrupların fəaliyyətinə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan və Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan start veriblər.
Bəyanata görə, format üç ölkənin rəsmilərini və texniki ekspertlərini bir araya gətirir. Tərəflər ilk mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə iki qrup yaratmağa razılaşıblar. Bu qrupların mürəkkəb texniki məsələləri həll edəcəyi, layihəni digər regional infrastrukturla əlaqələndirmək də daxil olmaqla növbəti icra mərhələlərinə keçirəcəyi bildirilir.
Sənəddə 8 avqust 2025-ci ildə Ağ Evdə Trampın vasitəçiliyi ilə imzalanan Sülh Sammiti Bəyannaməsi “tarixi” adlandırılır. Tərəflər TRIPP-in bütün komponentlərinin tezliklə işə salınması öhdəliyini bir daha təsdiqləyiblər.
Multimodal tranzit yolu kimi nəzərdə tutulan TRIPP Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməlidir. Bəyanatda marşrutun tikintisinin başlanma vaxtı və maliyyələşməsi barədə məlumat verilmir.


