Hökumətyönlü sayt: Baş nazirin 81 yaşlı birinci müavini Yaqub Eyyubov təqaüdə göndərilir
Arxiv foto: Пресс-служба Президента России, CC BY 4.0, Wikimedia CommonsBaş nazirin birinci müavini Yaqub Eyyubovun gələn ay təqaüdə göndəriləcəyi iddia olunur.
Modern.az saytı adını açıqlamadığı “məlumatlı mənbəyə” istinadən yazır ki, Eyyubov hazırda məzuniyyətdədir, məzuniyyəti dekabrda bitir, lakin ondan sonra işə qayıtmaya bilər. Saytın yazdığına görə, onun yerinə indi Baş nazirin müavini olan Samir Şərifov təyin oluna bilər.
Saytın müşahidəsinə görə, Eyyubov son dəfə iyulun 15-də Slovakiya Prezidenti Peter Pelleqrininin Bakıdan yola salınmasında görünüb. Oktyabrda Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə görüşünə gələn dövlət başçılarının heç birini o qarşılamayıb. Əvvəllər belə mərasimlərdə adətən Eyyubov iştirak edirdi.
Noyabrın 4-də Baş nazir Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstandan gələn nazirlərlə görüşəndə onu bir neçə gün əvvəl Baş nazirin müavini təyin olunan keçmiş səhiyyə naziri Teymur Musayev müşayiət edib. Modern.az Musayevin təyinatını da Eyyubovun gedişi ilə bağlayır: guya bu yolla Baş nazirin müavinlərinin sayı üç nəfər saxlanılacaq.
Yaqub Eyyubov 1945-ci ildə anadan olub. O, 1999-2003-cü illərdə Baş nazirin müavini olub, 2003-cü ildən Baş nazirin birinci müavinidir. Yəni İlham Əliyevin prezidentliyinin bütün dövründə hökumətdə bu postu o tutub.


