Elmlər Akademiyası İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamlar sırasında çəkilməsini “təxribat” adlandırır

Arxiv foto: LEGION (L-STUDIO), CC BY-SA 4.0, Wikimedia Commons
07-11-2026 11:05

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi şəxslər sırasında çəkilməsini akademiya rəhbərliyinə qarşı “növbəti təxribat” adlandırıb. Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bu məlumat “yeni bir qarayaxma oyunu” adlandırılır.

Sosial mediada son günlər Mehdiyevin hakimiyyətə gələcəyi təqdirdə müəyyən şəxsləri vəzifəyə gətirəcəyi barədə iddialar yayılıb. Həmin siyahıda Həbibbəylinin də adı çəkilib və onun Milli Məclisin sədri təyin olunacağı deyilib.

Akademiya cavabında Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi illərdə Həbibbəyli barədə verdiyi qərarları sadalayır. Açıqlamaya görə, Mehdiyevin imzaladığı 2021-ci il 8 yanvar tarixli qərarla Həbibbəyli birinci vitse-prezident vəzifəsindən azad edilib, vitse-prezident vəzifəsini icra edən təyin olunub. 2022-ci il yanvarın 26-da isə onun 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi ikiyə bölünüb, səlahiyyətləri azaldılıb. Akademiyanın sözlərinə görə, bundan bir neçə gün sonra, fevralın 7-də Həbibbəyli vitse-prezident vəzifəsindən azad olunmaq üçün ərizə yazıb.

Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasının rəhbəri, sonra AMEA-nın prezidenti olub. Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 22-də onu dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda təqsirli bilib, 14 il şərti həbs cəzası verib. Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasından sonra onun adına çıxan əsərlərin müəllifliyinin araşdırılacağı da bildirilib.

Müxalifət lideri, Milli Şuranın sədri Cəmil Həsənli isə bu yaxınlarda yazıb ki, “nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və ya iştirakı ilə” ölkədə dövlət çevrilişi cəhdi olmayıb.

Digər xəbərlər