Səudiyyənin başçılıq etdiyi koalisiya Yəməndə Husilərin ballistik raket zavodlarını məhv etdiyini deyir
Təiz şəhəri, arxiv foto: Rod Waddington, CC BY-SA 2.0, Wikimedia CommonsSəudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki “X” sosial şəbəkəsində yazıb ki, Yəməndə Husilərin ballistik raket yığılan zavodu, raketlər üçün bərk yanacaq hazırlanan kimya zavodu və elektron avadanlıq sexi məhv edilib.
Husilərin hərbi sözçüsü Yəhya Səri isə deyib ki, ötən 24 saatda Səudiyyə qüvvələri Marib, Səna, Hüdeydə, Təiz, Ləhic və Cövf vilayətlərinə 100-dən çox hava zərbəsi endirib. O, mülki itkilər olduğunu iddia edib, amma say göstərməyib. Koalisiya noyabrın 8-də Husilərin Ər-Riyad və ölkənin şərq və cənub bölgələrinə atdığı bir dronu və beş raketi vurub saldığını açıqlamışdı.
Səudiyyənin dəstəklədiyi Yəmən hökumət qüvvələri isə Ləhic vilayətində Husilərin mövqelərini ələ keçirdiklərini bildirir. Hökumət ordusunun sözçüsü Macid ən-Nuzaili deyib ki, son saatlardakı hücumlarda 120-dən çox Husi döyüşçüsü ölüb və ya yaralanıb. “Əl-Cəzirə” telekanalı yazır ki, bu iddiaları müstəqil yoxlamaq mümkün olmayıb və 5 oktyabrda başlanan əməliyyatda hökumət qüvvələri hələlik ciddi irəliləyiş əldə etməyib.
Husilərin bir aydan çoxdur mühasirədə saxladığı Təiz şəhərində mülki əhali zərər çəkir. Yəmən dövlət agentliyi “Saba”nın yazdığına görə, noyabrın 8-də atəş və mərmi zərbələri nəticəsində ikisi uşaq olmaqla doqquz mülki şəxs yaralanıb. Həmin gün təcili yardım maşını atəşə tutulub, maşındakı yaralı və onun atası ölüb, tibb işçisi xəsarət alıb.


