Rusiya qubernatoru: Ukrayna dronları ölkənin beşinci böyük neft emalı zavodunu vurub, Moskva meri isə 69 dron vurulduğunu deyir
Arxiv foto: Yaroslavldakı neft emalı zavodu. Foto: Svtk44, CC BY-SA 4.0, Wikimedia CommonsYaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkədə yazıb ki, noyabrın 3-nə keçən gecə dron hücumu nəticəsində "Slavneft-YANOS" neft emalı zavodunun infrastrukturu zədələnib, iki işçi qəlpədən yaralanıb. Onun sözlərinə görə, vurulan dronların qəlpələri bir neçə binanın şüşələrini sındırıb, avtomobillərə ziyan vurub.
Rusiyadakı "Astra" Telegram kanalı şahidlərin çəkdiyi foto və videolarda zavodda ən azı yeddi yanğın ocağı göründüyünü yazıb.
"Slavneft-YANOS" ildə 15 milyon tona qədər neft emal edə bilir və gücünə görə Rusiyada beşinci zavoddur. Ukrayna dronları bu zavodu əvvəl də dəfələrlə hədəf alıb.
Moskvanın meri Sergey Sobyanin isə bildirib ki, noyabrın 3-ü başlayandan bəri paytaxta uçan 69 dron vurulub. Həmin gecə Kazan, Çeboksarı, Ulyanovsk, Penza, Saransk, Saratov və Nijni Novqorod hava limanları müvəqqəti olaraq işini dayandırıb.
Moskva ilə Kiyev bir-birinin enerji obyektlərini vurur. Prezident Zelenski noyabrın 2-də demişdi ki, Rusiya Ukraynanın enerji sisteminə zərbələri dayandırsa, Ukrayna da Rusiyanın neft emalı zavodlarını vurmayacaq.


