Rusiyanın statistika idarəsini sındırdığını deyən hakerlər Ukrayna müharibəsində 390 mindən çox rusiyalının öldüyünü iddia edir

Arxiv foto, Rosstatın Moskvadakı binası: Svetlov Artem, CC0, Wikimedia Commons
08-11-2026 15:16

Rusiya Federal Dövlət Statistika Xidmətini (Rosstat) sındırdıqlarını açıqlayan “Kiberpartizanlar BY” və “Silent Crow” haker qrupları iddia edir ki, 2026-cı ilin avqust ayının sonuna qədər Ukraynadakı müharibədə 390 mindən çox Rusiya vətəndaşı ölüb.

Belarus mənşəli “Kiberpartizanlar BY” qrupunun hesablamasına görə, genişmiqyaslı müharibə başlayandan bəri 393 881 rusiyalı ölüb. Qrup bu rəqəmə Rosstatın sistemində ölüm səbəbi kimi hərbi əməliyyatlar və ya onların nəticələri göstərilən adamları daxil edib.

“Silent Crow” qrupu isə ölənlərin sayını 450 100 kimi göstərir. Bu hesablamaya həmçinin ölüm səbəbi terror aktı kimi qeyd olunanlar, hərbçilərin döyüşlə bağlı olmayan ölümləri və Rusiyada qeydiyyatda olub işğal altındakı ərazilərdə və ya Ukraynada səbəbi göstərilmədən ölənlər daxildir.

Rusiyadakı müstəqil nəşrlərin hesablamaları bu rəqəmlərdən azdır. “Mediazona” və “BBC”nin rus xidmətinin topladığı adbaad siyahılarda təxminən 286 min nəfər var, lakin bu siyahılar tam deyil, xüsusən son aylar və illər üzrə. “Meduza” və “Mediazona”nın vərəsəlik işləri reyestrinə əsaslanan birgə araşdırması 2025-ci ilin sonuna ölənlərin ümumi sayını 350 min nəfər kimi qiymətləndirib.

“Meduza” nəşri yazır ki, hakerlərin rəqəmləri gözlənilən həddə uyğundur, amma onların nə dərəcədə dəqiq olduğunu demək hələlik mümkün deyil.

Rosstatın saytı noyabrın 1-nə keçən gecə sındırılıb, səhifələrdə belarus dilində “Heç kim məsuliyyətdən qaça bilməyəcək” yazısı və iki qrupun loqosu görünüb. “Silent Crow” qurumun şəbəkəsindən təxminən 23 terabayt məlumat çıxardığını deyib. Rosstat kiberhücumu təsdiqləsə də, “məlumat bazalarının və qanunla qorunan informasiyanın sızmasının qeydə alınmadığını” bildirib. Bu qruplar 2025-ci ilin iyulunda “Aeroflot” aviaşirkətinin sistemlərinə hücumu da öz üzərlərinə götürmüşdülər.

Digər xəbərlər