Fransa xarici işlər naziri: Putinin heyətinin gedəcəyi Əbu-Dabi danışıqlarında Avropanı Fransa təmsil edəcək
Arxiv foto: Aurore Martignoni / European Union, 2024 / EC – Audiovisual Service, CC BY 4.0, Wikimedia CommonsFransanın xarici işlər naziri Jan-Noel Barro bazar günü “RTL” radiosuna deyib ki, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna danışıqlarında Avropa da təmsil olunacaq və Avropa İttifaqı ölkələrinin baxışını orada Fransa çatdıracaq.
Barro Fransanı bu məsləhətləşmələrdə kimin təmsil edəcəyini hələlik deyə bilmədiyini bildirib. Nazir avropalıların danışıqlarda hansı formatda iştirak edəcəyi barədə də təfərrüat verməyib.
Onun sözlərinə görə, son həftələrdə avropalılar səslərini ucaldıb və amerikalı vasitəçilərə qitənin gələcəyi barədə müzakirələrin onların gözlənti və tələbləri nəzərə alınmadan aparıla bilməyəcəyini deyiblər.
Rusiyanı danışıqlarda Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın iki rəhbər şəxsi təmsil edəcək. Heyətin tərkibini Kremlin sözçüsü Dmitri Peskov təsdiqləyib.
“Bloomberg” agentliyi adı açıqlanmayan Avropa rəsmilərinə istinadən yazıb ki, Avropa paytaxtları Putinin NATO-nun Şərqi Avropadakı hərbi varlığını faktiki olaraq aradan qaldırmağa yönəlmiş tələblərini qəbuledilməz sayır və əvvəlcə Ukraynada müharibənin dayandırılmasını istəyir. Agentliyin məlumatına görə, Vaşinqton isə Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı təkliflərinin Ukrayna üzrə danışıqlarla eyni vaxtda müzakirə olunmasını istəyir.


