Zelenski: Rusiya 55 nəfərin öldüyü Kamışevaxada dağıntıları təmizləyən xilasedicilərə dronla hücum edib
Arxiv foto, Kamışevaxada xilasetmə işləri: Ukrayna Fövqəladə Hallar Xidməti, CC BY 4.0, Wikimedia CommonsUkrayna Prezidenti Volodimir Zelenski noyabrın 8-də “Telegram”da yazıb ki, Rusiya qoşunları Zaporojye vilayətindəki Kamışevaxaya FPV dronu ilə hücum edib. Burada noyabrın 2-də Rusiyanın endirdiyi hava zərbəsindən sonra axtarış-xilasetmə işləri yeddinci gündür davam edir.
“Bu səhər ruslar FPV dronu ilə Kamışevaxaya hücum ediblər. Burada 55 nəfərin həyatına son qoyan hava zərbəsindən sonra yeddinci gündür xilasetmə işləri gedir və təəssüf ki, dağıntılar altında hələ də insanlar qala bilər. Tam sinizm və qəddarlıqdır”, - Zelenski yazıb.
Ukrayna Fövqəladə Hallar Xidməti “Facebook” səhifəsində bildirib ki, dron dağıntıları təmizləyən xilasediciləri məqsədli şəkildə vurub. Xidmətin məlumatına görə, texnika zədələnib, insanlar xəsarət almayıb.
Zərbə Kamışevaxada keçmiş məktəb binasına dəyib. Ukrayna tərəfinin dediyinə görə, binadan humanitar yardım məntəqəsi və sığınacaq kimi istifadə olunurdu. Bu, ölənlərin sayına görə son iki ildə Rusiyanın ən ağır zərbəsi hesab olunur. Ölənlərin hamısı hələlik tapılmayıb.
Rusiya noyabrın 8-nə keçən gecə Ukraynanın bir neçə vilayətinə də zərbələr endirib. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, Odessada bir nəfər ölüb, səhər isə ərzaq anbarı vurulub və böyük yanğın başlayıb. Fövqəladə Hallar Xidməti Poltava vilayətində dörd, Xmelnitskidə bir nəfərin xəsarət aldığını açıqlayıb. “DTEK” enerji şirkəti Kiyevdə, Kiyev vilayətində və Dnepr şəhərində təcili elektrik kəsintilərinin tətbiq olunduğunu bildirib.
Zelenski Dnepr şəhərində və vilayətdə 600 mindən çox insanın işıqsız qaldığını xatırladaraq müttəfiqlərə müraciət edib: “Əgər dünyada Ukrayna səmasını qorumaq üçün kifayət qədər raketdən müdafiə vasitəsi yoxdursa, raketləri konveyerlərdə dayandırmaq lazımdır”.


