İran Keşikçiləri: ABŞ-nin quru yolları və Xəzəri izləyəcək “Dəmir Qapı” qrupu kağız üzərində qalacaq
Arxiv foto, Hüseyn Möhibbi: Hamidreza Mehraban, CC BY 4.0, Wikimedia Commonsİslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Möhibbi noyabrın 8-də deyib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana silah və sanksiya altındakı malların quru yollarla daşınmasını məhdudlaşdırmaq planı uğursuz olacaq.
“Dəmir Qapı yalnız kağız üzərində, ABŞ rəsmilərinin və CENTCOM komandanlarının bəyanatlarında qalacaq planlardan biridir”, - Möhibbi deyib. Onun sözlərinə görə, ABŞ-nin bundan əvvəl İrana qarşı tətbiq etməyə çalışdığı dəniz, hava və quru blokadaları da uğursuz olub.
CENTCOM-un komandanı admiral Bred Kuperin göstərişi ilə yaradılan “Iron Gate” (“Dəmir Qapı”) qrupu Florida ştatının Tampa şəhərində yerləşəcək və təxminən 20 hərbi və mülki əməkdaşdan ibarət olacaq. Komandanlığın açıqlamasına görə, qrup qabaqcıl silahların, həm mülki, həm hərbi məqsədlə işlədilə bilən texnologiyaların və sanksiya altındakı malların İrana quru sərhədlərdən və Xəzər dənizindən daşınmasını hədəf alacaq.
İranın dövlət agentliyi “Mehr” planın həyata keçirilməsinə şübhə ilə yanaşır: agentlik yazır ki, İranın yeddi ölkə ilə quru sərhədi var, Xəzərdə xarici qüvvələrin olması hüquqi olaraq qadağandır, ticarət tərəfdaşları isə öz maraqlarını güdür.
“Mehr”in xatırlatdığı qadağa 2018-ci ildə Aktauda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın imzaladığı Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyadadır: sənədə görə, dənizdə tərəflərə aid olmayan silahlı qüvvələr ola bilməz.
Azərbaycan həm Xəzər sahilində yerləşir, həm də İranla quru sərhədi olan ölkələrdəndir. CENTCOM qrupun Xəzərdə necə fəaliyyət göstərəcəyini hələlik açıqlamayıb.


