Kreml: Moskva, Vaşinqton və Pekin Putin, Tramp və Si Cinpinin Çində mümkün görüşünün gündəliyini razılaşdırır
Arxiv foto: Presidential Executive Office of Russia, CC BY 4.0, Wikimedia CommonsRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva, Vaşinqton və Pekin Çinin Şenzen şəhərində keçirilə biləcək üçtərəfli sammitin gündəliyi üzərində işləyir. Şenzen noyabrın 18-19-da Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Forumunun (APEC) sammitinə ev sahibliyi edəcək.
“Tərəflər mümkün gündəlik maddələri üzrə təkliflər hazırlayır. Bəzi maddələr bir tərəf üçün üstün sayılır, digər tərəf üçün isə heç məqsədəuyğun deyil. Ona görə burada müəyyən konsensus tapmaq lazımdır”, - Peskov Rusiya dövlət televiziyasının jurnalisti Pavel Zarubinə deyib. Onun sözlərinə görə, razılıq alınsa və görüş baş tutsa, “şişirtmədən bütün dünyanın diqqətini çəkəcək çox vacib müzakirə” olacaq.
Peskov Putinin Şenzendəki mümkün görüşdən sonra ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitinə dəvəti qəbul edib-etməyəcəyi sualına isə ehtiyatlı cavab verib: “Bu qədər irəli getməzdim. Bilirik ki, belə səfərlər həmişə böyük logistika çətinlikləri və problemləri ilə bağlıdır”.
Kreml sözçüsü Avropa ilə təhlükəsizlik sazişi barədə də danışıb. O deyib ki, amerikalıların avropalılarla əlaqələri olub, Rusiyanın isə bu mövzuda avropalılarla heç bir söhbəti olmayıb. Peskov avropalıların Rusiya ilə danışıqlar üçün nümayəndə seçə bilmədiyini də əlavə edib.
“The Washington Post” qəzetinin şərhçisi David İqnatius danışıqlardan xəbərdar mənbəyə istinadən yazır ki, Trampın kürəkəni və xüsusi elçisi Cared Kuşner Avropada yeni təhlükəsizlik sistemi üçün Rusiya-NATO Şurasını model götürməyi təklif edib. 2002-ci ildə yaradılan şuranın son iclası 2022-ci ilin yanvarında olub. İqnatiusun yazdığına görə, avropalı siyasətçilər Rusiya ilə dialoqa hazır olduqlarını, amma təhlükəsizlik sistemini yalnız Ukraynada atəşkəs əldə olunandan sonra müzakirə edə biləcəklərini deyirlər.


