Ukrayna ombudsmanı: Rusiya ilə hazırlanan əsir mübadiləsinə ən azı 1000 nəfər daxil olacaq

Foto: DvoretskaO, CC BY-SA 4.0, Wikimedia Commons
14-11-2026 20:00

Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitro Lubinets deyib ki, Rusiya ilə hazırlanan əsir mübadiləsi ən azı 1000 nəfəri əhatə edəcək. O, bunu jurnalist Dmitri Qordona verdiyi müsahibədə bildirib.

Lubinetsin sözlərinə görə, mübadilə ehtimalı barədə məlumat çıxan kimi Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova ilə əlaqə saxlayıb və rus tərəfi ən azı 1000 nəfərdən söhbət getdiyini təsdiqləyib. “İş davam etməlidir ki, bu rəqəm mümkün qədər böyük olsun”, - deyə ukraynalı ombudsman bildirib.

Lubinets əlavə edib ki, Ukrayna tərəfi qaytarılacaq insanlar arasında həm hərbi əsirlərin, həm də Rusiyanın qanunsuz saxladığını dediyi mülki vətəndaşların olmasını tələb edir.

Ombudsman daha əvvəl Rusiyanın nəzarətindəki Xerson vilayətinin Oleşki şəhərinə humanitar missiya zamanı Lantratova ilə 15 saat danışdığını demişdi. Onun sözlərinə görə, tərəflər gələcək humanitar missiyaları, əsir mübadiləsini, mülki şəxslərin qaytarılmasını və itkin düşənlərin axtarışını müzakirə ediblər.

Kreml noyabrın 12-də Putinin Trampın elçiləri ilə “ən böyük əsir mübadiləsi” barədə razılığa gəldiyini açıqlamışdı. Mübadilənin vaxtı hələlik məlum deyil. Bu arada noyabrın 19-da Çində Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilməsi gözlənilir.

Digər xəbərlər