Türkiyənin İzmir vilayətində polad zavodunda partlayış nəticəsində 16 nəfər ölüb

Əliağa rayonu, İzmir. İllüstrativ foto: aokaratekin, CC BY-SA 3.0, Wikimedia Commons
09-11-2026 21:46

İzmirin Əliağa rayonundakı “Habaş” polad zavodunda noyabrın 9-da baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Son rəqəmləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasında açıqlayıb. Əvvəlcə altı nəfərin öldüyü bildirilirdi.

İzmir valisi Süleyman Elban hadisə yerində deyib ki, partlayış günortaya yaxın, qazan dəyişdirilən vaxt olub. Türkiyə rəsmilərinin məlumatına görə, körpü kranı düşüb, dağılan konstruksiyalar elektrik qövs sobasının üzərinə gəlib və qaz xəttini zədələyib, bundan sonra polad əritmə sexində partlayış baş verib. Yanğın söndürülüb.

Rəsmilər bildirir ki, zavodda təmir işləri aparıldığı üçün istehsal dayandırılmışdı, buna görə də partlayış vaxtı orada adi 300 nəfərin yerinə təxminən 200 nəfər olub.

Türkiyə Ədliyyə naziri Akın Gürlək Menemen Baş Prokurorluğunun araşdırmaya başladığını bildirib. Zavodun sahibi olan “Habaş Aliağa” şirkəti istintaqa kömək edəcəyini vəd edib.

Türkiyədə iş yerlərindəki ölümləri izləyən qeyri-hökumət təşkilatı İşçi Sağlamlığı və Əmək Təhlükəsizliyi Məclisi (İSİG) bildirir ki, eyni zavodda son iki həftədə Hakan Doğan və Eyüp Eğinli adlı daha iki işçi iş qəzasında ölüb. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Türkiyəyə başsağlığı verib.

Digər xəbərlər