Almaniya kansleri Aİ-yə şərt qoyub: Rusiya ilə döyüşən Ukraynaya hamı pul verməsə, yeddiillik büdcəyə razılıq olmayacaq

Fridrix Merts. Arxiv foto: Steffen Prößdorf, CC BY-SA 4.0, Wikimedia Commons
09-11-2026 21:26

Almaniya kansleri Fridrix Merts Avropa Şurasının prezidenti Antoniu Koştaya məktub göndərərək 2028-2034-cü illər üçün Avropa İttifaqının büdcəsinə razılığı bütün üzv ölkələrin Ukraynanı maliyyələşdirməsi şərtinə bağlayıb.

“Financial Times” qəzeti məktuba istinadən yazır ki, Merts bunu Kiyevə Rusiya ilə müharibədə yardım məsələsinin həlli üçün əsas şərt kimi irəli sürüb. “Hamımızın istisnasız olaraq bu çatışmazlığın aradan qaldırılmasına ədalətli töhfə verəcəyimizə dair kollektiv öhdəlik məsələnin həlli və xüsusilə maliyyə nəticələri olan digər mövzuların müzakirəsi üçün zəruri ilkin şərtdir”, - məktubda deyilir.

Ukraynanın gələn il üçün maliyyə çatışmazlığı 70 milyard avro təşkil edir. Aİ liderləri keçən ilin dekabrında Kiyevə 90 milyard avroluq kredit ayrılmasına qərar vermişdilər, amma Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan yeni maliyyələşdirmədə iştirak etmək istəmədiklərini bildiriblər.

Məktub Aİ liderlərinin bu həftənin cümə axşamı və cümə günü Dublində keçiriləcək görüşündən əvvəl göndərilib. Merts Kiyevin maliyyə çatışmazlığı məsələsinin elə bu görüşdə müzakirə olunmasını tələb edir.

Brüssel yeddiillik büdcə ilə bağlı razılaşmanı ilin sonuna qədər əldə etməyi planlaşdırır, Ukraynanın maliyyələşdirilməsi ətrafındakı fikir ayrılığı isə bu prosesi çətinləşdirə bilər.

Digər xəbərlər