“Reuters”: Trampın nümayəndələri Əbu-Dabi danışıqlarından sonra Putinlə görüşə bilər

Arxiv foto: Official website of the President of Russia, CC BY 4.0, Wikimedia Commons
09-11-2026 22:24

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner Rusiya, Ukrayna və ABŞ-nin Əbu-Dabidəki danışıqlarından sonra Rusiyaya gedib Vladimir Putinlə görüşə bilərlər.

“Reuters” agentliyi adını açıqlamayan ABŞ rəsmisinə istinadən yazır ki, belə bir görüş ehtimalı var. Mümkün səfərin tarixi və görüşün gündəliyi barədə məlumat verilməyib.

“The New York Times” qəzeti isə yazır ki, danışıqlarda əsas yer ərazi iddialarına və birbaşa atəşkəsə yox, Avropanın təhlükəsizliyinə və müharibədən sonrakı quruluşa ayrılacaq. Qəzetin həmsöhbətlərinin bir hissəsi bunu Rusiyaya güzəşt sayır. Onlar ən azı yaza qədər ciddi irəliləyiş gözləmirlər, çünki o vaxta qədər Moskva qış hərbi kampaniyasının nəticələrini görmüş olacaq. ABŞ-nin Ukraynadakı keçmiş səfiri Uilyam Teylor Rusiyanın hələlik atəşkəsə maraq göstərmədiyini deyib, bəzi mənbələr isə yerli atəşkəslərin mümkün olduğunu istisna etmir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov da noyabrın 9-da danışıqlarda birinci mövzunun təhlükəsizlik olacağını demişdi.

“Financial Times” qəzetinin məlumatına görə, Avropa rəhbərləri müharibədən sonrakı təhlükəsizlik mövzusunun Kiyevlə sülh danışıqları ilə eyni vaxtda yox, onlardan sonra müzakirə olunmasını istəyir. Qəzet yazır ki, Əbu-Dabiyə gedən Avropa İttifaqı nümayəndələri Kiyevin mövqeyini gücləndirməyə və Rusiyanın bu danışıqlardan Avropanın təhlükəsizlik sistemini yenidən qurmaq üçün istifadə etməsinin qarşısını almağa çalışacaq.

Digər xəbərlər